WhatsApp istifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə yeni funksiyanı sınaqdan keçirir. Yeniliyə əsasən, tanınmayan və ya xarici nömrə ilə söhbət başlamazdan əvvəl xəbərdarlıq pəncərəsi göstəriləcək.

QHT.az xarici mediaya istinadən bildirir ki, məlumata görə, yeni funksiya həm Android, həm də iPhone istifadəçiləri üçün əlçatan olacaq. İstifadəçi əvvəllər heç vaxt mesaj göndərmədiyi nömrə ilə əlaqə yaratmaq istədikdə ekranda əlavə məlumat təqdim olunacaq.

Xəbərdarlıq pəncərəsində nömrənin hansı ölkədə qeydiyyatdan keçdiyi, kontakt siyahısında saxlanılıb-saxlanılmadığı və tərəflərin ortaq qruplarda olub-olmadığı göstəriləcək. Bundan sonra istifadəçi söhbəti davam etdirmək və ya ləğv etmək barədə qərar verə biləcək. Qarşı tərəfə isə bununla bağlı heç bir bildiriş göndərilməyəcək.

WhatsApp-ın hazırkı təhlükəsizlik funksiyalarının əksəriyyəti söhbət başladıqdan sonra aktivləşir. Yeni sistem isə istifadəçini mümkün risk barədə mesajlaşmadan əvvəl xəbərdar etməklə fərqlənir. Bu yanaşmanın xüsusilə saxtakarlıq və fişinq cəhdlərinin qarşısını almağa kömək edəcəyi gözlənilir.

Şirkət xəbərdarlığın hansı meyarlarla işə düşəcəyini tam açıqlamayıb. Bununla belə, fərqli ölkədə qeydiyyatdan keçmiş nömrələrin əsas göstəricilərdən biri olacağı ehtimal edilir.

Mütəxəssislər istifadəçilərə belə xəbərdarlıqla qarşılaşdıqda nömrə haqqında təqdim olunan məlumatları diqqətlə yoxlamağı və şəxsə etibar etmədikləri halda söhbəti başlatmamağı tövsiyə edirlər.