Bərpaedici kənd təsərrüfatı çox vaxt niş alternativ və ya keçmişə qayıdış kimi təqdim olunur. Lakin sahədəki reallıq bunun əksini göstərir.

QHT.az xarici mediaya istinadən bildirir ki, müəllif Sara Farley bu ay İtaliyanın zeytun bağlarından İndoneziyanın düyü sahələrinə qədər uzanan altı bərpaedici təsərrüfatda apardığı müşahidələr zamanı fərqli coğrafiyalar, məhsullar və mədəniyyətlər arasında ortaq bir mənzərə ilə qarşılaşıb. Onun sözlərinə görə, bu təsərrüfatlarda biomüxtəliflik sadəcə əlavə üstünlük deyil, kənd təsərrüfatının əsas infrastrukturu kimi qəbul olunur.

Torpaq, su, ağaclar və heyvandarlıq ayrı-ayrı resurslar deyil, bir-biri ilə əlaqəli sistemlər kimi idarə edilir. Eyni zamanda sənaye kənd təsərrüfatında geniş istifadə olunan pestisidlərə qarşı qoruyucu geyimlər, maskalar və kimyəvi vasitələr bu təsərrüfatlarda demək olar ki, müşahidə olunmur.

Müəllif vurğulayır ki, gördüyü təsərrüfatlar nə romantik keçmişə dönüş nümunəsidir, nə də yalnız imkanlı istehlakçılar üçün nəzərdə tutulmuş alternativ modeldir. Onların bir çoxu 4 hektardan da kiçik sahələrdə fəaliyyət göstərir və ailələrin əsas gəlir və ərzaq mənbəyi hesab olunur.

Farley hesab edir ki, bu model iqlim dəyişiklikləri, su qıtlığı və iqtisadi təzyiqlərin artdığı bir dövrdə gələcəyin ərzaq sisteminə daha uyğun kənd təsərrüfatı yanaşmasını nümayiş etdirir.

Piranə Xasiyeva