TikTok platformasında yeni istifadəçilərə göstərilən videoların əksəriyyətinin süni intellekt tərəfindən yaradıldığı məlum olub. Onlayn video redaktə platforması Kapwing-in araşdırmasına görə, yeni istifadəçilərin “Sizin üçün” lentində qarşılaşdığı videoların 59 faizi AI texnologiyaları ilə hazırlanıb.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma çərçivəsində TikTok-da 20 məşhur kateqoriya üzrə 10 mindən çox video təhlil edilib. Həmçinin izləmə tarixçəsi olmayan yeni hesab yaradılaraq istifadəçiyə təqdim olunan ilk 500 video araşdırılıb. Nəticələr göstərib ki, yeni istifadəçilərin qarşısına çıxan məzmunun böyük hissəsi süni intellekt məhsuludur.
Ən yüksək göstərici isə uşaqlara yönəlmiş məzmunlarda qeydə alınıb. Belə ki, #CartoonKids etiketi altında yayımlanan videoların 97 faizinin süni intellekt tərəfindən hazırlandığı müəyyən edilib. #cartoons və #babysong etiketlərində bu göstərici 83 faiz, #forkids kateqoriyasında isə 79 faiz təşkil edib.
Mütəxəssislər bildirirlər ki, generativ süni intellekt alətlərinin daha əlçatan olması bu tendensiyanı sürətləndirir. Vaxtilə hazırlanması saatlarla vaxt aparan videolar artıq bir neçə əmrlə qısa müddətdə yaradıla bilir. Bu isə məzmun istehsalının xərclərini azaltsa da, keyfiyyətsiz və təkrarlanan videoların sayının artmasına səbəb olur.
Araşdırmada qeyd olunur ki, platformanın alqoritmləri zaman keçdikcə istifadəçi seçimlərini öyrənərək ona uyğun məzmun təqdim edir. Buna görə də süni intellektlə yaradılmış videoların payı daha çox yeni və izləmə tarixçəsi olmayan hesablarda müşahidə edilir.
Ekspertlər xəbərdarlıq edirlər ki, AI məzmunlarının sayı eyni sürətlə artmağa davam edərsə, sosial media platformalarının bu cür kontenti nəzarətdə saxlaması və filtrasiya etməsi daha da çətinləşəcək. Bu səbəbdən TikTok və digər platformaların yaxın gələcəkdə süni intellekt mənbəli məzmun axınına qarşı əlavə tədbirlər görəcəyi gözlənilir.






