Çində hazırlanmış “LineShine” adlı superkompüter ABŞ-nin rəqiblərini geridə qoyaraq dünyanın ən güclü kompüteri adını qazanıb. Beləliklə, 2017-ci ildən bəri ilk dəfə olaraq Çinə məxsus sistem Top500 reytinqində birinci pilləyə yüksəlib.

QHT.az xarici mediaya istinadən bildirir ki, Şençjen şəhərində yerləşən superkompüter daha əvvəl siyahıya liderlik edən ABŞ-nin “El Capitan” sistemini geridə qoyub. “LineShine” ənənəvi prosessorlarla işləməsi ilə fərqlənir və süni intellekt tətbiqlərində geniş istifadə olunan qrafik prosessorlardan istifadə etmir.

Mütəxəssislərin məlumatına görə, sistem 2,198 eksaflops performans göstərərək saniyədə 2 kvintilyondan çox hesablama aparmaq gücünə malikdir. Superkompüterin işləməsi üçün təxminən 42,2 meqavat elektrik enerjisi tələb olunur.

Superkompüterlər tibbi araşdırmalar, iqlim modelləşdirilməsi, nüvə simulyasiyaları, insan davranışlarının təhlili və virtual silah sınaqları kimi strateji əhəmiyyətli sahələrdə istifadə edilir.

Reytinqdə ABŞ-ın “El Capitan” sistemi ikinci yerə geriləyib. İlk beşlikdə həmçinin ABŞ və Almaniyaya məxsus digər eksaölçəkli kompüterlər yer alıb.

Mütəxəssislər hesab edirlər ki, bu nəticə Çin və ABŞ arasında texnologiya və süni intellekt sahəsində rəqabətin daha da gücləndiyini göstərir.

Piranə Xasiyeva