Biz təkcə siyasi və hərbi-siyasi problemlərin həlli ilə bağlı məsələləri deyil, milli əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işləri də yüksək qiymətləndiririk. Bu fəaliyyətlər yalnız Azərbaycan xalqına deyil, bütün Türk dünyasına, o cümlədən bu gün aramızda olan türkman qardaşlarımıza da fayda verir.
QHT.az azertag.az-a istinadən xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev Bakıda "Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forumda çıxışı zamanı deyib.
O bildirib ki, Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfələr vermiş görkəmli alimlərin və ziyalıların xidmətləri xüsusi qeyd edilməlidir. Bu sahədə böyük işlər görmüş şəxsiyyətlərin fəaliyyəti xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə təkan edib.






