"Süni intellektin geniş tətbiqi Azərbaycanın əmək bazarında bir sıra struktur dəyişikliklərinə səbəb ola bilər. Təkrarlanan və rutin əməliyyatlara əsaslanan bəzi vəzifələr avtomatlaşdırıldıqca, bu sahələrdə işçi qüvvəsinə tələbat azala bilər".

Bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli QHT.az-a açıqlamasında bildirib. 

Müsahib sözlərində qeyd edib ki, eyni zamanda, proqramlaşdırma, məlumat analitikası, kibertəhlükəsizlik, rəqəmsal marketinq və süni intellekt sistemlərinin idarə olunması kimi sahələrdə yeni iş yerləri yaranacaq. Bu proses əmək bazarında daha yüksək ixtisas və rəqəmsal bacarıqlar tələb edən peşələrin payını artıracaq.

Akif Nəsirli bildirib ki, rəqəmsal iqtisadiyyatın inkişafı məhsuldarlığın yüksəlməsinə, biznes proseslərinin optimallaşdırılmasına və yeni innovativ xidmətlərin yaranmasına şərait yaradır. Elektron ticarət, rəqəmsal ödəniş sistemləri və onlayn xidmətlərin genişlənməsi həm sahibkarlar, həm də istehlakçılar üçün əlavə imkanlar yaradır. Bu da investisiyaların cəlb olunmasına, qeyri-neft sektorunun inkişafına və ümumilikdə iqtisadi artımın sürətlənməsinə müsbət təsir göstərir.

O vurğulayıb ki, Azərbaycanda işçi qüvvəsinin rəqəmsal bacarıqları son illərdə müəyyən qədər inkişaf etsə də, bu sahədə hələ də boşluqlar mövcuddur. Gənc nəsil və şəhər əhalisi arasında rəqəmsal savadlılıq daha yüksək səviyyədədir, lakin bəzi regionlarda və ənənəvi fəaliyyət sahələrində çalışan insanlar üçün əlavə təlimlərə ehtiyac qalır.

Süni intellekt və rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda davamlı təhsil proqramlarının genişləndirilməsi, peşə hazırlığı kurslarının artırılması və rəqəmsal bacarıqların tədris sisteminə daha geniş inteqrasiyası xüsusi əhəmiyyət daşıyır. Bu addımlar əmək bazarının gələcək tələblərinə uyğunlaşmağa və ölkənin rəqabət qabiliyyətini artırmağa kömək edə bilər.

Piranə Xasiyeva