"Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə işğaldan azad olunan ərazilərimizdə yeni istehsal sahələrinin qurulacağı bildirildi. Dövlət Proqramına əsasən, bir sıra bölgələrimizdə, o cümlədən Ağdərə və Kəbəcərdə yeni zavodlar inşa ediləcək".

QHT.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib.

V.Bayramovun sözlərinə görə, Ağdərə rayonu əlvan və qiymətli metal ehtiyatları baxımından zəngin bölgələrdəndir: Ağdərə rayonu əlvan və qiymətli metal ehtiyatları ilə Qarabağın ən zəngin regionlarından hesab olunur. Rayon ərazisində sənaye əhəmiyyətli mis, qızıl, sink və qurğuşun yataqları mövcuddur. Rayon ərazisində yerləşən "Dəmirli" Mis Yatağında son geoloji kəşfiyyatlara əsasən ərazidə 470 min tona yaxın mis ehtiyatı var.

Vüqar Bayramov bildirib ki, Ağdərədə Qızılbulaq yatağında qızıl, gümüş və mislə yanaşı digər qiymətli komponentlər də mövcuddur: Rayonun Qızılbulaq yatağı qızıl-mis-kolçedan geoloji-sənaye tipinə aiddir. Filizlərdə qızılın orta miqdarı 4,0 q/t, gümüş 5,4 q/t, mis isə 1,41% təşkil edir. Selen, tellur və kükürd kimi qiymətli komponentləri də yataqda qeydə alınmışdır.

Deputat vurğulayıb ki, Kəlbəcər Azərbaycanın ən böyük qızıl yataqlarının yerləşdiyi rayonlardan biridir: Azərbaycanda ən böyük qızıl yataqları məhz Kəlbəcərin payına düşür. Kəlbəcər rayonu ərazisində hesablanmış 143 ton qızıl, 248 ton gümüş, 57 min ton mis, 266 ton selen, 274 min ton kükürd və s. böyük həcmdə ehtiyat var. Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl, Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları var. Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları mövcuddur. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir.

V.Bayramov qeyd edib ki, Ağdərə və Kəlbəcərin zəngin xammal ehtiyatları Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında mühüm rol oynaya bilər: Göründüyü kimi, hər iki rayonumuz xammal ehtiyatları baxımından zəngin bölgələrimizdəndir. Bu isə Qarabağ və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın iqtisadi inkişafında əsas drayverlərindən birinə çevriləcəyindən xəbər verir.

Fatimə Nəbiyeva