"Mənim xəbərim olmadan əziz oğlum, Vətən müharibəsi şəhidi Miqdad Faiq oğlu Abduləlimovun xatirəsinə tədbir keçirən Azərbaycan Dövlət Pedaqoji universitetin Quba filialının rəhbərliyinə Yusif Alıyev, Aysel Sheydayeva professor-müəllim heyətinə və bütün kollektivinə bir şəhid anası olaraq dərin təşəkkürümü bildirirəm".
QHT.az xəbər verir ki, bu fikirləri "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova söyləyib.
T.Abduləlimovanın sözlərinə görə, Miqdadın adının yaşadılması, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlığın gənc nəslə çatdırılması onun üçün sözlə ifadə olunmayacaq qədər böyük mənəvi dəyər daşıyır.
Tünzalə Abduləlimova bildirib ki, tədbirin onun xəbəri olmadan keçirilməsi göstərir ki, Miqdadın adı yalnız onun ailəsi üçün deyil, onun təhsil aldığı, böyüdüyü və xidmət etdiyi Vətən üçün də əzizdir.
O vurğulayıb ki, övladının unudulmaması şəhid anası üçün ən böyük təsəllidir:
"Miqdadımın adı səsləndikcə, onun Vətən sevgisi gənclərə nümunə olduqca mənim qəlbimdə həm qürur, həm də sonsuz minnətdarlıq yaranır".
T.Abduləlimova bu təşəbbüsə görə Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının rəhbərliyi və kollektivinə təşəkkür edib.
O, bütün şəhidlərin xatirəsinin daim yaşadılmasını diləyib:
"Allah bütün şəhidlərimizə rəhmət eləsin. Miqdadımın və bütün şəhidlərimizin əziz xatirəsi daim yaşasın!"












