24 sentyabr 2026-cı il tarixində Quba Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 27 Sentyabr – Anım Günü ilə əlaqədar Quba Rayon İcra Hakimiyyəti, Quba Heydər Əliyev Mərkəzi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı “Zəfər yolu” mövzusunda tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Quba Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi, Quba Heydər Əliyev Mərkəzi, ADPU-nun Quba filialı, Quba Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Quba Dövlət Sosial İqtisadi Kolleci, "Vətən Naminə” Şəhid ailələrinə dəstək İctimai Birliyi, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba rayon şöbəsinin məsul şəxsləri və əməkdaşları, Şəhid valideynləri, qazilər, tələbə və şagirdlər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Vətən Müharibəsi və şəhidlərimizin qəhrəmanlıq yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin Başçısının müavini, ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Səidə Abasova, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Quba Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, ADPU-nun Quba filialının humanitar elmlər kafedrasının tarix fənnləri üzrə fəlsəfə doktoru Təhminə Əliyeva, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba rayon şöbəsinin sədri, İkinci Qarabağ Müharibəsi veteranı Ruslan Bədirov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba rayon şöbəsinin nəzarət təfdiş komitəsinin sədri Amid Əliyev , Vətən Müharibəsinin Qazisi, baş leytenant Tarıyel Ağasıyev və şəhid anaları tərəfindən edilən çıxışlarda şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıqdan, onların əziz xatirəsinin daim ehtiramla yad edilməsinin vacibliyindən bəhs olunub.
Tədbirin sonunda ADPU-nun tələbəsi Günəş İskəndərov tərəfindən Vətənə, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeir ifa edilib.
Tədbirin keçirilməsində əsas məqsəd şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, gənc nəslə vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq hisslərini aşılamaq, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın həyat və mübarizə yolunu gənclərə çatdırmaq olub.
Sonda xatirə şəkli çəkdirilib.












