Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi artıq formalaşma dövrünü geridə qoyub. Bundan sonra islahatlar daha geniş miqyasda aparılacaq.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib ki, biz istəyirik ki, Azərbaycanın vətəndaş cəmiyyətinin sərbəst fəaliyyəti üçün hər cür imkanlar mövcud olsun: “Son illər QHT-lərin fəaliyyətində aktivlik, onların dövlət və cəmiyyət həyatında yaxından iştirak etməsi göz qabağındadır. Şuşada Xankəndi-Laçın yolundakı uzunmüddətli aksiya da göstərdi ki, Azərbaycan vətəndaş cəmiyyəti xeyli yetkinləşib, regional proseslərə istiqamət verə bilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev də Xankəndi-Laçın yolundakı aksiya iştirakçılarına güclü mənəvi dəstəyini ifadə etdi. Biz çalışırıq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini hər bir QHT öz dostu hesab etsin. Bizim hər bir QHT-yə münasibətimiz köməklik, dəstək mövqeyindəndir. Dəstək isə təkcə maddiyyatla ölçülmür. İslahatlar dərinləşdikcə, hər kəs buna daha yaxşı əmin olacaq”.

Pərvanə Fərhadqızı