Agentlik maliyyələşdirdiyi layihələr üzrə hesabatları tələb etmək, monitorinq və qiymətləndirmə aparmaq hüququna malikdir. Lakin bu monitorinqlər qətiyyən QHT-nin fəaliyyətinə maneə yaratmaq məqsədi daşımır. QHT-lər Qaydanın, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq təsviri və maliyyə hesabatlarını qrant müqavilələrində göstərilən müddətdə Agentliyə təqdim etməlidirlər. Agentlik tərəfindən monitorinqlərin və qiymətləndirmənin aparılması zamanı şəffaflıq, obyektivlik və qərəzsizlik əsas prinsiplərdir.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib ki, agentlik fəaliyyəti çərçivəsində QHT-lərə hər hansı sanksiyaların, qadağaların qoyulmasının tərəfdarı deyil: “Layihələrin icrasına nəzarət, monitorinqlərin aparılması və qiymətləndirilmənin təşkili Agentliyin çoxşaxəli fəaliyyət istiqamətlərindən sadəcə biridir. Qrant müqaviləsinin şərtlərinin pozulması, layihənin icra olunmaması halları aşkar edildikdə, müvafiq addımlar atılması qanunvericiliyin tələbləri sırasındadır. İlkin mərhələdə qrant müqaviləsi üzrə öhdəliklərin pozulması hallarına görə QHT-nin 2 ilədək müddətə müsabiqədə iştirak hüququndan məhrum edilməsi, digər sui-istifadə hallarını aşkar etdikdə isə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət edilməsi nəzərdə tutulub. Ümid edirik ki, QHT-lərimizin şəffaf, hesabatlı fəaliyyətinin nəticəsi olaraq hər hansı qadağanın tətbiqinə zərurət qalmayacaq”.
Pərvanə Fərhadqızı












