Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kiçik giziri olan Orxan Cabbarov 1995-ci il oktyabrın 16-da Tovuz şəhərində anadan olub. 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
QHT.az xəbər verir ki, o, 2015-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etməyə başlayıb. 2016-cı ilin "Aprel" döyüşlərinin də iştirakçısı olan Orxan Cabbarov 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və noyabrın 9-da Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Orxan Cabbarov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.
Ruhu şad olsun!










