Bu gün Füzuli şəhərinin işğaldan azad olunmasının 4-cü ildönümüdür. 2020-ci il oktyabrın 17-də Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Füzuli şəhərini Ermənistan silahlı qüvvələrinin işğalından azad edib. Bu tarixi gün Azərbaycan tarixində şanlı səhifə olaraq həkk olunub.
QHT.az xəbər verir ki, 2023-cü il iyulun 31-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 17-si ölkəmizdə "Füzuli Şəhəri Günü" kimi qeyd olunur. Füzulinin azadlığı uğrunda qəhrəmancasına vuruşmuş hərbçilərin şücaətinə yüksək qiymət verilmiş və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25,325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Mən, Füzuli sakini olaraq, bu şərəfli tarixi dərin qürur hissi ilə qeyd edirəm. Füzulinin rayon mərkəzi və kəndləri bu gün Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə yenidən qurulmaqdadır. Rayonun dirçəlişi sürətlə davam edir, keçmiş məcburi köçkünlər doğma torpaqlarına geri qayıdırlar. Sevindirici haldır ki, yaxın iki ildə bu gözəl diyara qayıdanların sayı 20 mindən çox olacaq və sakinlər yüksək standartlara uyğun tikilmiş yeni evlərdə rahat şəkildə yaşayacaqlar.
Bu münasibətlə başda füzulilər olmaqla, bütün xalqımızı ürəkdən təbrik edirəm! Füzulinin işğaldan azad olunmasının ildönümü hər birimiz üçün qürur dolu bir gün olaraq yadda qalacaq.
Pərvanə Fərhadqızı
QHT.az










