“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova QHT.az-a özəl açıqlamasında 17 oktyabr 2020-ci il tarixini Füzulinin erməni işğalından azad olunması ilə əlaqələndirərək, Vətən müharibəsi zamanı Füzuli uğrunda baş vermiş ağır döyüşlərin əhəmiyyətini vurğuladı. O, müharibə müddətində düşmənin 30 il ərzində qurduğu möhkəm istehkamların yarılmasının böyük güc və zaman tələb etdiyini qeyd etdi.
“Azərbaycan Ordusu bunun öhdəsindən gəlməyi bacardı. Təəssüf ki, biz Füzulini büsbütün dağıdılmış, viran qoyulmuş və tamamilə minalanmış bir vəziyyətdə geri aldıq. Füzuli faktiki olaraq azad edilmiş rayonlar arasında minaların sayına görə ən çirkləndirilmiş rayondur,” - deyə Tünzalə Abduləlimova bildirib.
O, 2021-ci il yanvarın 14-də Füzuli-Şuşa avtomobil yolunun təməl qoyulmasından və Füzuli-Hadrut avtomobil yolunun istifadəyə verilməsindən də söz açdı. Həmçinin, Füzuli Rəqəmsal Yarımstansiyası və Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışlarının əhəmiyyətini vurğuladı. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Füzuliyə gəlişinin, eləcə də infrastruktur layihələrinin açılışlarının Türk xalqları arasında qardaşlığın simvolu olduğunu, Qazaxıstan Prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılmasının iki xalq arasında dostluğun rəmzinə çevrildiyini bildirdi.
QHT sədri Füzulidə həyata keçirilən irimiqyaslı infrastruktur layihələrinin məcburi köçkünlərin öz yurdlarına geri dönməsinə imkan yaratdığını da əlavə etdi. Oktyabrın 12-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan köç karvanı ilə Füzuli şəhərinə daha 21 ailənin köçürüldüyünü vurğuladı. “Bəli, çox şəhid verdik, qazimiz oldu, amma indi bu torpaqları görəndə sevinirik, çünki artıq Azərbaycan bütövdür. Bu gün QHT-nin Qarabağda rolu böyükdür. Biz QHT olaraq layihələrlə, işimizlə bu zirvəyə gedən yola dəstək olmalıyıq. Prezident İlham Əliyev cənablarının yanında olaraq, Azərbaycanı zirvələrə qaldırmalıyıq,” - deyə Tünzalə Abduləlimova qeyd etdi.
“Qarabağ Azərbaycandır!” - deyərək sözlərinə son qoydu.
Pərvanə Fərhadqızı
QHT.az










