Füzuli şəhərinin düşməndən azad olunmasından 4 il ötür. Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a bu tarixi hadisənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, 2020-ci il oktyabrın 17-də qəhrəman Azərbaycan əsgərləri Füzuli şəhərini düşməndən azad edib. Füzuli uğrunda gedən döyüşlər müharibənin ən ağır mərhələlərindən olub.
Zenfira Mustafayeva bildirib ki, Azərbaycan Respublikasının Qeyri - Hökümət Təşkilatlarına Dəstək Agentliyinin təşəbbüsü ilə bir çox QHT rəhbərləri ilə birgə işğaldan azad olunan Füzuliyə səfərlər ediblər: "İlk səfərimizdə dağıdılmış binaları, yerlə yeksan edilən evləri gördükdə göz yaşlarımızı saxlaya bilmirdik. Hər daşın altında qəhrəman oğullarımızın qanı var idi."
QHT sədri sonrakı səfərlərində tam fərqli bir mənzərə ilə qarşılaşdıqlarını vurğulayıb: "Füzulidə abad yollar, yeni tikililər, hündürmərtəbəli binalar, istirahət parkları, müasir məktəblər və idman meydançaları gördük. Bütün bunlar çox qısa zamanda həyata keçirilib. Artıq 1000-dən çox ailə Füzuliyə köçürülüb və onların işlə təminatı və rahatlığı üçün bütün şərait yaradılıb."
Zenfira Mustafayeva, həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın geri qaytarılmasının və bu ərazilərdə görülən genişmiqyaslı işlərin hər bir Azərbaycan vətəndaşı üçün qürurverici olduğunu deyib. O, şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə daim sağlam olmağı arzulayıb.
Pərvanə Fərhadqızı
QHT.az










