Bugün Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin regional vərəm proqramı TB REP-in Azərbaycan üzrə vətəndaş cəmiyyəti əlaqələndiricisi “Sağlamlığa Xidmət” İctimai birliyinin təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində Ümumdünya vərəmlə mübarizə gününə həsr olunmuş konfrans keçirilib.

Tədbirdə, ölkəmizdə və dünyada vərəmlə bağlı mövcud vəziyyət, bu sahədə əldə olunmuş uğurlar, vərəmlə mübarizənin daha səmərəli aparılmasında vətəndaş cəmiyyəti təşkilatllarının rolunun əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb və TB REP layihəsi çərçivəsində, Qlobal Fondun maliyyə dəstəyilə Azərbaycanda ilk dəfə olaraq, çəkilmiş vərəm haqqında maarifləndirici 15 (on beş) dəqiqəlik qısa metrajlı bədii film nümayiş olunub.

 

Konfransda həmçinin, layihəyə əsasən, fevral ayında elan olunmuş "Vərəm haqqında ən yaxşı məqalə" jurnalist yazıları müsabiqəsinin qaliblərinə mükafatlar və diplom təqdim edilib.

 

Konfransda Azərbaycan Respublikası (AR) Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin və İxtisaslaşdırılmış Müalicə müəssisəsinin, AR Milli Məclisin nümayəndələri, bir çox QHT sədrləri ilə yanaşı, keçmişdə vərəm xəstəliyi yaşamış və bu xəstəlikdən xilas olmuş icma nümayəndələri iştirak ediblər.

 

Tədbir aprel döyüşlərində canını vətən uğrunda qurban vermiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan edildi.

Sağlamlığa Xidmət İctimai birliyinin (İB) ictimai vəkillik üzrə məsləhətçisi Pərvanə Vəliyeva,bəşəriyyət yaranandan mövcud olan vərəm xəstəliyinin dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlik olduğunu qeyd etdi.

 

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə təşkilatının (ÜST) məlumatına əsasən, 2000-2016-ci illər ərzində dünyada 53 milyon insanın həyatı bu xəstəlikdən xilas olsa da, hər gün dünyada 28 500 insan vərəmlə xəstələnir və hər gün 4500 insan vərəmdən dünyasını dəyişir.

Tədbirdə çıxış edən Sağlamlığa Xidmət İB-in sədri Elçin Muxtarlı vərəm xəstəliyinin dünyadakı və ölkəmizdəki vəziyyətindən danışdı. O bildirib ki, Sağlamlığa Xidmət İctimai birliyi 2011-ci ildən İİV/QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal fondun maliyyə dəstəyi ilə penitensiar müəssisələrdən azadlığa buraxılan vərəmli xəstələrin müalicələrinin mülki sektorda izlənilməsi və onlara sosial dəstək layihəsini Ədliyyə və Səhiyyə Nazirlikləri ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirir. Bu günədək azadlığa buraxılan 684 vərəmli xəstə bu layihədən bəhrələnmiş, onlardan 299 nəfəri dərmanlara davamlı vərəm xəstəsi olmuşdur. Layihə çərçivəsində hər ay bu xəstələrə baş çəkilir, onların vərəməleyhi dərman preparatları çatdırılır və bəlğəm nümunələri toplanaraq Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə çatdırılır. Layihə Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edir.

 

Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin Müalicə işinin təşkili şöbəsinin müdiri Füzuli Hüseynov penitensiar sistemdə vərəmə nəzarətin yüksək səviyyədə həyata keçirildiyini, İxtisaslaşdırılmış Müalicə müəssisəsində vərəmin diaqnostikasını qısa zamanda həyata keçirən müasir laboratoroloji avadanlıqların quraşdırıldığını qeyd etdi. Onun sözlərinə görə, Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmin müalicəsi mərkəzləşmiş qaydada həyata keçirilir, bütün cəzaçəkmə müəssisələrində aşkarlanan vərəmli xəstələr ixtisaslaşmış müalicə müəssisəsinə köçürülür və orada onların effektiv müalicəsi təmin edilir. Ümumdünya Səhiyyə təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2012-ci ildə “Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzi” adlıtəlim mərkəzi yaradılmışdır. Dünyanın heç bir ölkəsinin həbsxana sektorunda mövcud olmayan bu təlim mərkəzində bir çox ölkələrdən gələn mütəxəssislər bizim təcrübəmizi öyrənirlər.

 

Sağlamlığa Xidmət İB-in azadlığa buraxılan vərəmli xəstələrin izlənilməsi layihəsinin koordinatoru Çingiz Ramazanlı bildirib ki, penitensiar müəssisədə olarkən vərəm müalicəsinə qoşulan xəstələrinməhkumluq müddəti bitdikdən sonra yarımçıq qalmış vərəm müalicələri izlənilir, onların yaşadıqları əraziyə ən yaxın dispanserdə qeydiyyata düşmələri təmin olunur, onların ikinci sıra vərəməleyhinə dərman preparatları İMM-in dərman anbarından alınaraq, tibb məntəqələrinə çatdırılır. O, eyni zamanda rəhbəri olduğu “Vərəmsiz gələcəyə doğru” pasiyent hüquqlarının müdafəsi təşkilatı haqqında məlumat verərək bildirib ki, bu xəstəliyi keçmişdə yaşamış və xilas olmuş insanlar təşkilatın əsas üzvləridir.

 

Keçmişdə vərəmin sınağından keçmiş və uğurlu müalicə nəticəsində tam sağalmış Amal Allahverdiyev bildirib ki, cəmiyyətdə vərəm xəstələrinə qarşı ayrıseçkilik həddən artıq yüksəkdir; insanlar bu xəstələrdən qorxmasınlar, vərəm sağalan xəstəlikdir. O, digər xəstələrə isə müalicədən yayınmamağı və müalicə rejiminə sonadək əməl etməyi tövsiyə edib.

 

Tədbirdə iştirak edən AR Milli Məclisinin Sosial Qanunvericilik aparatının rəhbəri Ədilə Abbasovanın müavini Mehdi Qurbanov, vərəm xəstələrinin sosial problemlərinin həll olunmasının vacibliyini vurğulayıb və tədbirin təşəbbüskarlarına öz minnətdarlığını bildirib.