Bu fikirləri QHT.az-a açıqlamasında Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin Eynulla Xeyrullayev bildirib.
QHT.az ictimai birliyin sədrinin fikirlərini təqdim edir:
"20 May 2022-ci il tarixində Quba rayonunda QHT - Dövlət münasibətlərinə həsr olunmuş Respublika Zona konfransı keçirildi.
Dünyanın çox sürətlə dəyişdiyi, qlobal problemlər və onların sivilizasiyaya təsiri getdikcə artmaqla, eyni zamanda cəmiyyətlərin uyğun münasibət və fəaliyyətlərin həyata keçirməsi üçün daha böyük zərurətlər yaradır.
Azərbaycanda QHT sektoru müəyyən bir inkişaf dövrü keçsədə, pandemiyanın təsirləri, ölkəmizin mənfur düşmənlərinin torpaqlarımızın 20 faizini işğal altında saxlaması və 1 milyon vətəndaşımızın qaçqın həyatı yaşaması bir sıra maddi sıxıntılar yaratmaqla ictimai sektorun inkişafına müəyyən qədər öz təsirini göstərmişdir. Bu gün artıq Azərbaycan qalib bir ölkədir və demək olar ki, bütün istiqamətlərdə inkişaf yolunu tutmuşdur. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev bir dövlət xadimi olaraq çox böyük diplomatik fəaliyyətlər həyata keçirir və ölkənin hərtərəfli inkişafını daim diqqətdə saxlayır. Azərbaycan vətəndaş cəmiyyəti də bu diqqətdən kənarda qalmayaraq proseslərdə yaxından iştirak edir. İştirakçılığın təməlində isə Dövlət - QHT əməkdaşlığı və onun sağlam əsaslarda inkişafı durur. QHT sektoru ölkəmizin inkişafının demək olar ki, bütün sahələrində yaxından iştirak edərək dövlət idarəçiliyində vətəndaş iştirakçılığını həyata keçirir.
Son vaxtlar Dövlət-QHT münasibətləri yanaşmasında həyata keçirilən islahatlar artıq müəyyən müsbət nəticələrini verməkdədir. Regional təşkilatlar olaraq bizim üçün çox təsirli və sevindirci oldu ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi “QHT ziyarətləri” layihəsi çərçivəsində konfrans öncəsi təşkilatımızın qapısını döydü və dəyrimi masa arxasında bütün tərəfləri düşündürən, inkişafa kömək edə bilən, daha da yaxınlaşdıran addımlar müzakirə edildi. Görüşdə iştirak edən Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-Hökumət təşkilatları ilə İş və Kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov aparılan müzakirələrdə regionda QHT-lərin vəziyyəti, onların proseslərdə aktiv inkişaf imkanları və davamlılıq məsələləri önə çəkildi. Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi regionda fəaliyyət göstərən və müəyyən layihələr icra edən hər bir QHT-yə müraciətlərə uyğun olaraq bütün köməklikləri göstərir, dövlət orqanları və bələdiyyələr ilə daim sıx əməkdaşlıq edir. Bu fəaliyyət bütün tərəflər üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq mərkəzin davamlı maliyyə imkanları olmadığına görə çətinliklərlə üzləşməsi müzakirələrdə önə çəkildi. Regional mərkəzin 20 ildən artıq göstərdiyi fəaliyyət, həyata keçirdiyi layihələr müzakirələrdə xüsusi qeyd edilərək müsbət qiymətləndirildi. Müzakirələrdə ofisin təmir məsələləri, əməkdaşların saxlanılması imkanları və digər məqamlar müzakirə edilərək qeydlər götürüldü.
Günün ikinci yarısında "Quba Palace Hotel"də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-Dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika ilk zona konfransı Quba rayonunda keçirildi. Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarının iştirakı ilə keçirilən konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-Hökumət təşkilatları ilə İş və Kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul əməkdaşları, adları çəkilən rayonların icra hakimiyyəti başçılarının müavinləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, habelə yerli qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edirdi.
Konfransı açıq elan edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva tədbirin müzakirə mövzusu barədə geniş məlumat verərək konfransın region QHT-lərinin və yenicə formalaşmaqda olan ictimai şuraların fəaliyyətində əsaslı dönüş yaradacağına ümidvar olduğunu bildirdi.
Prezident Administrasiyasının Qeyri-Hökumət təşkilatları ilə İş və Kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev öz çıxışında ölkəmizdə qeyri-hökumət təşkilatlarının inkişaf mərhələləri və qarşıda olan hədəflər barəsində məlumat verərək müəyyən uğurların əldə edildiyini vurğulamışdır. Ölkə QHT-lərinin getdikcə peşəkarlaşması, profilləşməsi və tanınması prosesinin baş verməkdə olduğunu, mövcud təşkilatların əksəriyyətinin ölkə həyatının bir çox sahələrində, infrastruktur, təhsil, mədəniyyət, kənd təsərrüfatı və s. istiqamətlərində uğurla layihələr icra etməsi konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Cənab prezidentin imzaladığı “İctimai iştirakçılıq haqqında” qanunun yerlərdə icrası ilə bağlı vəziyyətin müzakirəsi zamanı bu sahədə bəzi çatışmamazlıqların olması, yerli icra hakimiyyəti orqanlarında prosesin ləng getməsi xüsusi vurğulanmışdır. Quba-Xaçmaz regionunun rayonlarını təmsil edən yerli icra hakimiyyəti nümayəndələri öz çıxışlarında İctimai Şuraların yaradılması və işgüzar mühiti üçün tələb olunan fəaliyyətlərin tezliklə həyata keçiriləcəyini bildirmişlər. Konfransın gedişi prosesində bütün iştirakçılar tərəfindən İctimai Şuraların fəaliyyəti günün əsas tələbi olduğu və ictimai nəzarət mexanizmlərinin işləməsinin əhəmiyyəti xüsusi vurğulanmışdır. Hər kəsə aydındır ki, dünyanın ən inkişaf etmiş dövlətlərində belə problemlər mövcuddur, lakin o cəmiyyətlər inkişaf edir ki, bu problemləri görür və həlli istiqamətində birgə addımlar atır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ərazi bütövlüyünü təmin edərək bir daha dünyaya güclü bir dövlət olduğunu nümayiş etdirdi. Gəlin bütün istiqamətlərdə güclənək və inkişaf edək.












