01 sentyabr 2022-ci il tarixindən etibarən Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ilə birgə əməkdaşlıqda “İnsan Alverinin Qurbanı Olan, İnsan Alverindən Əziyyət Çəkən və ya Zərər Çəkməsi Ehtimal Olunan Yetkinlik Yaşına Çatmayanların Təhsili, Sosial-Psixoloji Reabilitasiya Proqramı və Ailələrin Maarifləndirilməsi” layihəsinin icrasına başlayır. 

Layihə çərçivəsində 18 yaşadək sosial təhlükəli vəziyyətdə olan, baxımsız, psixoloji dəstəyə ehtiyacı olan, əməyi istismar olunmuş, insan alverinin potensial qurbanı və ya ehtimalı edilən, böhranlı və riskli ailələrdən olan, zorakılıq və digər neqativ hərəkətlərin qurbanı olan, intihar barədə düşünən və ya cəhd etmiş uşaqlar,  habelə, ümumiyyətlə müdafiəyə ehtiyacı olanlar üçün sosial-psixoloji reabilitasiya xidmətləri təmin ediləcək, onların ailə üzvlərinə hüquqi yardım göstəriləcək, uşaqların gələcəkdə baxımsızlığının profilaktikası məqsədilə valideynlərin valideynlik bacarıqları təkmilləşdiriləcəkdir. 

Həmçinin proqramın icrası zamanı müvafiq dövlət qurumları ilə (Daxili İşlər Nazirliyi, DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, Rayon Polis İdarələri, Rayon İcra Hakimiyyəti nəzdində YYÇİHMK, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi) əməkdaşlığın davam etdirilməsi və rəsmi yönləndirmənin təşkili, uşaqların baxımsızlığının profilaktikası məqsədilə əməkdaşlıqda riskli ailələrin və uşaqların erkən müəyyən edilməsi, əhalinin daha çox toplaşdığı və müraciət etdikləri qurumlarda və ərazilərdə görüşlərin təşkili, maarifləndirmənin aparılması, ailələrə hüquqi yardımın göstərilməsi, zorakılıq, kobud rəftar və insan alverinin potensial qurbanı olan və ya bunlara məruz qalmaq riski yüksək olan 100 uşağın 4-6 aylıq reabilitasiyadan keçməsi, sosial-psixoloji rəylərin hazırlanması, hüquqi yardım, təhsilə bərpa, cəmiyyətə reinteqrasiya s. fəaliyyətlər təşkil ediləcəkdir. 

Bununla yanaşı layihə çərçivəsində Təhsil Nazirliyi və Bakı Baş Polis İdarəsi ilə əməkdaşlıqda 2022-2023-cü tədris illəri üzrə tam orta məktəblərdə, peşə məktəblərində uşaq və gənclərlə geniş maarifləndirmə kampaniyaları keçirilməklə, onların mövzu haqqında məlumatlılığı, ölkədə Uşaq Qaynar Xətt xidməti və digər müvafiq qaynar xəttləri haqqında təbliğat, zorakılıqla üzləşdiyi halda müraciət edə biləcəkləri sosial xidmət-yardım mərkəzləri öyrənəcək və təlimçi-ekspertlər tərəfindən yetkinlik yaşına çatmayanların suallarının cavablandırılması həyata keçiriləcəkdir.