“Bələdiyyə Resurs və Təlim Mərkəzi” İctimai birliyi Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 sentyabr 2022-ci il tarixindən “Cəmiyyətin inkişafında erkən nigah problemi” adlı layihənin icrasına start verib.
İctimai Birlik sədri Gülnarə Əmiraslanova QHT.az-a bildirib ki, layihə 3 ay müddətində (01 sentyabr – 01 dekabr 2022-ci il) Gəncə şəhəri və Samux rayonunu əhatə etməklə icra olunacaq.
"Layihənin əsas məqsədi, erkən nigahların qarşısının alınması məqsədilə kənd və qəsəbələrdə 13 yaşdan yuxarı məktəbli qızlar və valideynlər arasında maarifləndirmə işlərinin təşkilindən ibarətdir.
Layihə çərçivəsində Gəncə şəhəri Natavan (Türklər) qəsəbəsi, Məshəti Gəncəvi (Sevinc) qəsəbəsi, və Samux rayonunun Gürcüstanla həmsərhəd olan Kəsəmən kəndi, Poylu, Ziyadlı, Alıuşağı kəndləri və Qarayeri qəsəbəsində yaşayan 13 yaşdan yuxarı qız uşaqları, 13 yaş və yuxarı övladı olan valideynlərə erkən nigahın fəsadları haqqında məlumat vermək, onları bu fikirdən daşındırmaq, təhsilə maraqlarını artırmaq, qızlara iqtisadi cəhətdən azad olmağın üstünlüklərini aşılamaq və təhsilin hər şeydən öndə gəldiyini izah etmək nəzərdə tutulub.
Layihə müddətində Dövlət, Bələdiyyə və özəl qurumlarla əməkdaşlıq olunacaq, ərazi üzrə məktəblərdə yeniyetmələr arasında ilkin diaqnostik, şifahi və yazılı sorğu aparılacaq, aparılan sorğular nəticəsində şagirdlər qruplara bölünərək təlimlərə cəlb olunacaqlar. Valideynlərlə görüşlər təşkil olunacaq, mövzunu əhatə edən maarifləndirici sosial-çarx çəkilərək ictimaiyyətə təqdim olunacaq və mövzuyla əlaqəli bukletlər hazırlanaraq ərazi üzrə həm Dövlət, həm də özəl təhsil müəssisələrinə paylanılacaq.
24 saat fəaliyyət göstərən, erkən nigah faktını aşkarlayan və hər kəs üçün əlçatan ola biləcək qaynar xətt yaradılacaq.Qaynar xəttə müraciət olunan erkən nigah faktları ilə bağlı hüquqi və reabilitasiya xidmətləri aparılacaq. Qaynar xətt və xidmətlər həm layihə müddəti, həm də davamlı olaraq fəaliyyət göstərəcək."











