"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova İsrailin erməni soyqırımını tanımaq istiqamətindəki addımları haqqında fikirlərini açıqlayıb.

QHT.az həmin açıqlamanı təqdim edir:

"Mən, "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri və şəhid anası olaraq, İsrail dövlətinin qondarma erməni soyqırımını tanımaq istiqamətində atdığı addımlarla bağlı dərin narahatlığımı və qəti etirazımı bildirirəm.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas prinsiplərindən biri tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüquqa hörmət və dövlətlər arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafıdır. Azərbaycan hər zaman tarixi hadisələrin siyasiləşdirilməsinin əleyhinə çıxış edib və mübahisəli tarixi məsələlərin siyasi qərarlarla deyil, obyektiv araşdırmalar və beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Biz şəhid ailələri olaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli maraqlarını, tarixi həqiqətlərini və ədalətli mövqeyini qətiyyətlə müdafiə edirik. Hesab edirik ki, regionda sülhün və etimadın möhkəmləndirilməsi üçün tarixi məsələlərdən siyasi alət kimi istifadə olunmamalıdır.

Azərbaycan xalqı uzun illər işğalın ağır nəticələrini yaşayıb, yüz minlərlə insan doğma yurd-yuvasından didərgin salınıb, Xocalı faciəsi kimi insanlığa qarşı ağır cinayətlə üzləşib. Bu həqiqətlər beynəlxalq səviyyədə tam şəkildə tanınmadığı halda, tarixlə bağlı mübahisəli məsələlər üzrə birtərəfli siyasi qərarların qəbul edilməsi ədalət prinsipi ilə uzlaşmır.

"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi adından beynəlxalq ictimaiyyəti beynəlxalq hüququn prinsiplərinə, tarixi həqiqətlərə və obyektivliyə əsaslanan mövqe nümayiş etdirməyə çağırıram. Şəhidlərimizin qanı bahasına bərpa olunmuş ərazi bütövlüyümüz, dövlətimizin milli maraqları və tarixi həqiqətləri bizim üçün qırmızı xəttdir.

Biz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində aparılan siyasəti dəstəkləyir, şəhidlərimizin müqəddəs xatirəsini qorumağı və dövlətimizin milli maraqlarını müdafiə etməyi öz mənəvi borcumuz hesab edirik".