Avstriya ABŞ-ın Anthropic şirkətinin ən qabaqcıl süni intellekt modellərinə xarici istifadəçilərin çıxışını məhdudlaşdırmaq planları fonunda Avropa İttifaqını şirkətin fəaliyyətini Aİ ərazisində yerləşdirməyi nəzərdən keçirməyə çağırıb.
Reuters xəbər verir ki, Avstriyanın Rəqəmsallaşma üzrə dövlət katibi Alexander Proell bu barədə Aİ-nin texnologiya məsələləri üzrə komissarı Henna Virkkunenə ünvanladığı məktubda bildirib.
Proell məktubunda qeyd edib ki, Avropanın mühüm texnoloji yeniliklərdən kənarda qalmaması vacibdir.
“Anthropic-in Avropa İttifaqında strateji şəkildə fəaliyyət göstərməsi və bu prosesdə iştirak imkanlarını birlikdə araşdıraq. Hüquqi sabitlik, bazara çıxış, kapital və bu şirkətin dəyərlərinə uyğun bir mühit təklif edə bilərik”, – deyə o vurğulayıb.
Bununla yanaşı, dövlət katibi təşəbbüsün hansı mexanizmlə həyata keçiriləcəyini açıqlamayıb və bunun mümkünlüyü ilə bağlı şübhələrin mövcud olduğunu etiraf edib.
Proell bildirib ki, əsas məsələ bunun asan olub-olmaması deyil.
“Əsas sual budur ki, avropalılar öz texnoloji gələcəklərinin memarı olmağa hazırdırlar, yoxsa başqa yerlərdə qəbul edilən qərarların sadəcə icraçısı olaraq qalmaq istəyirlər?” – deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ son dövrlərdə milli təhlükəsizlik və strateji texnologiyalara nəzarətin gücləndirilməsi çərçivəsində qabaqcıl süni intellekt modellərinə çıxışı məhdudlaşdıran tədbirlər həyata keçirir. Avstriyanın təşəbbüsü isə Avropanın süni intellekt sahəsində texnoloji müstəqilliyini gücləndirmək məqsədi daşıyır.






