BMT-nin inkişaf sistemində nəzərdə tutulan ən böyük islahatlardan biri – BMT İnkişaf Proqramı (UNDP) ilə BMT Layihə Xidmətləri Ofisinin (UNOPS) birləşdirilməsi planı rəhbərlik arasında yaranan fikir ayrılığı səbəbindən ləngiyib.
QHT.az xarici mediaya istinadən bildirir ki, aprel ayında BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçirilən qapalı görüşdə Baş katib Antonio Quterreşin təşəbbüsü ilə irəli sürülən birləşmə planı müzakirə olunub. Lakin hər iki qurumun rəhbərləri yeni təşkilatın necə fəaliyyət göstərməli olduğuna dair fərqli baxışlar təqdim ediblər.
UNDP-nin administratoru, Belçikanın keçmiş Baş naziri Aleksandr De Kroo təşkilatın sifarişi ilə hazırlanmış müstəqil məsləhətçi hesabatını təqdim edib. Onun sözlərinə görə, birləşmə BMT-nin fəaliyyətini daha səmərəli təşkil etməyə, təkrarlanan funksiyaları aradan qaldırmağa və 100 milyon ABŞ dollarından çox vəsaitə qənaət etməyə imkan verə bilər.
Lakin tərəflər arasında mövcud fikir ayrılığı BMT-nin donor maliyyəsinin azaldığı bir dövrdə həyata keçirməyə çalışdığı islahatların gələcəyini qeyri-müəyyən vəziyyətdə saxlayır.
Piranə Xasiyeva






