Qəhvə düzgün miqdarda istehlak edildikdə sağlamlıq üçün faydalı hesab olunsa da, normadan artıq qəbul edilməsi ürəkdöyünmə, təzyiq dəyişiklikləri, mədə problemləri və yuxu pozğunluqları kimi bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.
Mütəxəssislərin sözlərinə görə, gündə təxminən 400 mq kofein, yəni orta hesabla 3-4 fincan qəhvə sağlam böyüklər üçün təhlükəsiz sayılır. Lakin bu həddin aşılması bəzi insanlarda narahatlıq, çarpıntı və yuxusuzluq riskini artırır.
Araşdırmalar göstərir ki, gündə 3-5 fincan şəkərsiz qəhvə istehlakı ürək-damar xəstəlikləri, 2-ci tip diabet, insult, koqnitiv geriləmə və bəzi xərçəng növlərinin riskinin azalması ilə əlaqələndirilir. Bundan əlavə, qəhvənin tərkibindəki antioksidantlar və polifenollar iltihabı azaltmağa və beyin funksiyalarını dəstəkləməyə kömək edə bilər.
Mütəxəssislər karamelli, şərbətli, qaymaqlı və yüksək şəkər tərkibli hazır qəhvələrin isə əlavə şəkər və kalori səbəbindən sağlamlığa mənfi təsir göstərə biləcəyini bildirirlər.
Həmçinin qəhvənin günün ilk yarısında qəbul edilməsinin daha məqsədəuyğun olduğu vurğulanır. Axşam saatlarında qəbul edilən kofein yuxu keyfiyyətini pisləşdirə və ertəsi gün daha çox yorğunluğa səbəb ola bilər.
Ürək ritm pozğunluğu, yüksək təzyiq, mədə xəstəlikləri, anksiyete və osteoporozdan əziyyət çəkən şəxslərə, eləcə də hamilə qadınlara qəhvə istehlakında daha ehtiyatlı olmaq tövsiyə olunur.






