Çoxtərəfli inkişaf banklarının uşaq baxımı sahəsinə ayırdığı maliyyə son illərdə əhəmiyyətli dərəcədə artıb. Qlobal İnkişaf Mərkəzinin (CGD) yeni araşdırmasına əsasən, yeddi çoxtərəfli inkişaf bankı 2021-ci ilin iyunundan 2024-cü ilin dekabrınadək uşaq baxımı komponentlərini əhatə edən 163 yeni layihəni təsdiqləyib.
QHT.az xarici mediaya istinadən bildirir ki, araşdırmaya görə, bu layihələr üçün 20,94 milyard ABŞ dolları əsas maliyyə, əlavə olaraq isə 2,7 milyard dollar həcmində birgə maliyyələşdirmə və qrant ayrılıb. Bu, 2018-ci illə müqayisədə uşaq baxımı sahəsinə yönəldilən maliyyənin 67 faiz artdığını göstərir. Eyni zamanda layihələrin sayı əvvəlki qiymətləndirmə dövrü (2018–2021) ilə müqayisədə 12,4 faiz yüksəlib.
İnvestisiyalar yeni uşaq baxımı mərkəzlərinin tikintisini, mövcud müəssisələrin yenilənməsini, bu sahədə çalışan kadrların hazırlanmasını, keyfiyyət standartlarının yaradılmasını, eləcə də hökumətlər və işəgötürənlər üçün uşaq baxımına çıxışın genişləndirilməsini əhatə edir.
Piranə Xasiyeva






