Lənkəran, Salyan və Neftçala rayonlarında toy və yas mərasimlərində israfçılığın azaldılması, ailələrin maliyyə yükünün yüngülləşdirilməsi və milli-mənəvi dəyərlərin qorunması məqsədilə "Ənənələrə sadiqlik, israfdan uzaqlıq" adlı layihənin icrasına başlanılıb.
Üç aylıq nəzərdə tutulan layihə "Kür-Xəzər" Xeyriyyə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.

 

Təşkilatın sədri və layihə rəhbəri Akif Kərimov QHT.az-a bildirib ki, toy və yas mərasimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, birlik və həmrəyliyinin mühüm göstəricilərindəndir. 
“Bununla yanaşı, son illərdə bu mərasimlərdə müşahidə olunan həddindən artıq xərc və israfçılıq bir çox ailələr üçün ciddi sosial-iqtisadi çətinliklər yaradır”.

 

A.Kərimov qeyd edib ki, layihənin əsas məqsədi maarifləndirmə yolu ilə toy və yas mərasimlərində israfçılığın azaldılmasına, ailə büdcəsinin qorunmasına və cəmiyyətdə daha məsuliyyətli yanaşmanın formalaşdırılmasına töhfə verməkdir.
 

“Bu istiqamətdə yerli icmaların, bələdiyyələrin, din xadimlərinin, ziyalıların və ictimai fəalların fəal iştirakı nəzərdə tutulur. Bahalı toy mərasimləri gənclərin ailə qurmasını çətinləşdirir, borclanma hallarını artırır. Yas mərasimlərində təşkil olunan çoxsaylı ehsan süfrələri isə yas sahibi ailələr üçün əlavə maddi və mənəvi yük yaradır. Həmçinin hazırlanmış qidaların əhəmiyyətli hissəsinin istifadə olunmadan tullantıya çevrilməsi israfçılığın əsas səbəblərindən biri kimi qiymətləndirilir”.
 

A.Kərimov qeyd edib ki, layihə çərçivəsində yas mərasimlərində geniş yemək süfrələrinin təşkil edilməməsi, qonaqlara yalnız çay, xurma və halvanın təqdim olunması, toy mərasimlərində isə sadə və balanslaşdırılmış menyulara üstünlük verilməsi tövsiyə olunur. 
 

Bu yanaşma həm ailələrin maliyyə yükünü azaldacaq, həm də qida israfının qarşısının alınmasına xidmət edəcək.
“Ənənələrin yaşadılması onların dəbdəbəli keçirilməsi ilə deyil, mənəvi dəyərlərinin qorunması ilə ölçülür. Sadə, səmimi və ölçülü toy və yas mərasimləri cəmiyyətin sosial həmrəyliyinin möhkəmlənməsinə, ailələrin rifahının yaxşılaşmasına və daha sağlam ictimai münasibətlərin formalaşmasına töhfə verə bilər”.

 

Qeyd edək ki, layihə çərçivəsində Lənkəran, Salyan və Neftçala rayonlarında maarifləndirici görüşlərin keçirilməsi, bukletlərin paylanılması və ictimai müzakirələrin təşkili nəzərdə tutulur.