Dünyadakı iş yerlərinin təxminən 40%-i süni intellektin təsirinə məruz qala bilər ki, bu da bərabərsizliyi genişləndirə bilər. Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgieva öz bloqunda bu barədə xəbərdarlıq edərək hökumətləri sosial təhlükəsizlik şəbəkələri yaratmağa və süni intellektin təsirinə qarşı təlim proqramları tövsiyə etməyə çağırıb.
QHT.az xəbər verir ki, direktorun sözlərinə görə, süni intellekt daha çox işçi və müəssisə tərəfindən mənimsənilməyə davam etdiyi üçün onun insan işçi qüvvəsinə həm kömək edəcəyi, həm də zərər verəcəyi gözlənilir: “Süni intellektin təsiri inkişaf etməkdə olan ölkələrdən daha çox inkişaf etmiş ölkələrdə daha kəskin hiss olunacaq, çünki qismən ofis işçiləri fiziki işçilərdən daha çox risk altındadır. Xüsusilə daha inkişaf etmiş ölkələrdə süni intellekt iş yerlərinin 60%-ə qədərinə təsir göstərə bilər. Digər tərəfdən, süni intellekt məhsuldarlığı da artıracaq”.
BVF hesab edir ki, süni intellekt inkişaf etməkdə olan və aşağı gəlirli ölkələrdə müvafiq olaraq 40% və 26% iş yerlərinə təsir göstərəcək. İnkişaf etməkdə olan ölkələrə sabit iqtisadi artıma malik olan Hindistan və Braziliya, aşağı gəlirli ölkələrə Burundi, Sierra Leone və digərləri daxildir. Bu ölkələrin bir çoxunda süni intellektdən faydalanmaq üçün infrastruktur və ya ixtisaslı işçi qüvvəsi yoxdur.
Pərvanə Fərhadqızı












