Dünyanın ilk kommersiya mobil telefonu hesab olunan Motorola DynaTAC 8000X modelindən ilhamlanan yeni retro dizaynlı powerbank təqdim edilib.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, Trozk şirkətinin hazırladığı Cellular Power Bank təkcə enerji bankı kimi deyil, həm də telsiz və səs yazıcı funksiyalarını özündə birləşdirir. Cihaz klassik Motorola modelinin böyük antenası, fiziki düymələri və telefon formasını müasir texnologiyalarla birləşdirir.

20 000 mAh tutuma malik powerbank maksimum 165 Vt çıxış gücü təqdim edir və Power Delivery 3.1 texnologiyası sayəsində noutbuk, planşet və portativ oyun konsolları kimi yüksək enerji tələb edən cihazları da enerji ilə təmin edə bilir.

Modeldə iki USB-C və bir USB-A portu yer alır. USB-C portlarının hər biri 100 Vt, USB-A isə 30 Vt güc ötürə bilir. İki USB-C portu eyni vaxtda istifadə olunduqda ümumi çıxış gücü 165 Vt, üç cihaz qoşulduqda isə 108 Vt olur.

Cihazın diqqətçəkən xüsusiyyətlərindən biri də daxili telsiz funksiyasıdır. Ön paneldə yerləşən işıqlı fiziki düymələr, mikrofon və dinamik vasitəsilə istifadəçilər bir-biri ilə rabitə qura bilirlər. Bunun üçün isə iki eyni cihazın olması tələb olunur. Powerbank həmçinin səs yazma funksiyası ilə də təchiz edilib.

Trozk Cellular Power Bank-in rəsmi satış qiyməti 149 dollar olsa da, hazırda məhsul 89 dollar endirimli qiymətlə satışa çıxarılıb.