Braziliya alimlərinin apardığı yeni araşdırmaya görə, ayaq əzələlərinin gücü insanların sağlam yaşlanması və daha uzun ömür sürməsi ilə əlaqəli ola bilər. Tədqiqatda 3 minə yaxın orta və yaşlı insanın sağlamlıq göstəriciləri bir neçə il ərzində izlənilib. Araşdırmanın nəticələri göstərib ki, ayaq əzələləri daha güclü olan şəxslərdə vaxtından əvvəl ölüm riski əhəmiyyətli dərəcədə aşağı olub.
QHT.az xarici mediaya istinadən bildirir ki, ayaq əzələlərinin gücü təkcə hərəkət qabiliyyətini deyil, həm də ürək-damar sistemi, maddələr mübadiləsi və ümumi fiziki sağlamlığı əks etdirən mühüm göstəricilərdən biridir. Onların sözlərinə görə, gündəlik gəzinti, pilləkən qalxmaq və ayaq əzələlərini gücləndirən sadə məşqlər sağlam qocalmağa kömək edə bilər.
Araşdırma müəllifləri vurğulayırlar ki, nəticələr səbəb-nəticə əlaqəsini tam sübut etmir. Bununla belə, fiziki aktivliyin artırılması və əzələ kütləsinin qorunması sağlam həyat tərzinin vacib hissəsi hesab olunur.
Piranə Xasiyeva






