Xalq arasında "avtomobil tutması" kimi tanınan hərəkət xəstəliyi səyahət zamanı ürəkbulanma, başgicəllənmə, soyuq tər və baş ağrısı kimi əlamətlərlə özünü göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, bu hal hər kəsdə eyni səviyyədə müşahidə olunmur.
QHT.az xarici mediaya istinadən bildirir ki, qulaq, burun və boğaz üzrə mütəxəssis Prof. Dr. İbrahim Engin Çekin bildirib ki, hərəkət xəstəliyi orqanizmin hərəkətə verdiyi reaksiyadan qaynaqlanır. Bu problem dəniz, hava və quru nəqliyyatında yarana bilər. Qadınlarda kişilərlə müqayisədə daha çox rast gəlinir, həmçinin bəzi nevroloji və tarazlıq sistemi pozğunluğu olan şəxslərdə risk daha yüksəkdir.
Mütəxəssis avtomobildə ön və ya orta hissədə oturmağı, kəskin qoxulardan uzaq durmağı, səyahətdən əvvəl çox ac və ya ağır yağlı qidalar qəbul etməməyi tövsiyə edir. Onun sözlərinə görə, bu sadə tədbirlər narahatlığın yaranmasını gecikdirə və ya qarşısını ala bilər.
Əgər bütün tədbirlərə baxmayaraq əlamətlər davam edərsə, həkim nəzarəti altında müalicə tətbiq oluna bilər. Ekspert qeyd edir ki, müntəzəm səyahət etməklə orqanizm zamanla hərəkətə uyğunlaşa və şikayətlər azala bilər.
Piranə Xasiyeva






