Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində qəbul edilən 2026–2030-cu illəri əhatə edən yeni Milli Fəaliyyət Planı qeyri-hökumət təşkilatlarının bu istiqamətdə iştirak imkanlarını genişləndirəcək. Ekspertlər hesab edirlər ki, sənəd dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın daha da möhkəmlənməsinə və risk qruplarının müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.
“Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova mövzu ilə bağlı QHT.az-a açıqlamasında bildirib ki, 15 iyul 2026-cı il tarixli “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı” əvvəlki fəaliyyətlərin davamı olmaqla yanaşı, bir sıra institusional yenilikləri də özündə ehtiva edir.
Onun sözlərinə görə, sənəddə qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutur:
“Bu gün QHT-lərlə ən sıx əməkdaşlıq edən dövlət qurumlarından biri Daxili İşlər Nazirliyidir. Xüsusilə insan alverinə qarşı mübarizə sahəsində nazirliklə qeyri-hökumət təşkilatları arasında səmərəli əməkdaşlıq formalaşıb. Düşünürəm ki, digər qurumlarla müqayisədə Daxili İşlər Nazirliyi QHT-lərlə əməkdaşlığa daha açıqdır.”
S.Məmmədova qeyd edib ki, Milli Fəaliyyət Planında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq da nəzərdə tutulur. Hazırda sənədin müzakirəsi istiqamətində işlər aparılır və bu sahədə fəaliyyət göstərən QHT-lərin daha ixtisaslaşmış şəkildə fəaliyyət göstərməsi planlaşdırılır.
Birlik sədri Azərbaycanda insan alveri ilə bağlı əsas risk qrupları və istismar formalarına da toxunub. O bildirib ki, ən çox rast gəlinən hallar əmək istismarı, dilənçiliyə cəlbetmə və xüsusilə qadın və qızlara qarşı seksual xarakterli istismar hallarıdır.
“Risk qruplarına işsiz şəxslər, aztəminatlı ailələr daxildir. Son dövrlərdə rəqəmsal texnologiyaların inkişafı ilə əlaqədar uşaqların onlayn platformalar vasitəsilə istismara məruz qalması riski də əhəmiyyətli dərəcədə artıb. Bu, artıq xüsusi diqqət tələb edən istiqamətlərdən biridir”, – deyə Südabə Məmmədova vurğulayıb.






