Bakı Qızlar Universitetinin bağlanacağı ilə bağlı yayılan xəbərlər son günlər geniş müzakirələrə səbəb olub. Müzakirələrə səbəb universitetin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional akkreditasiya qiymətləndirilməsindən "uyğun deyil" nəticəsi almasıdır. Universitet rəhbərliyi bağlanacağı ilə bağlı iddiaları təkzib etsə də, mütəxəssislər hesab edirlər ki, mövcud qərar ali təhsil müəssisəsinin gələcək fəaliyyəti ilə bağlı ciddi hüquqi nəticələr yarada bilər. Bəs universitet həqiqətən bağlana bilərmi? Hazırda orada təhsil alan tələbələrin aqibəti necə olacaq?

Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov QHT.az-a açıqlamasında bildirib ki, Bakı Qızlar Universiteti ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya Şurasının rəsmi iclasında universitetin akkreditasiya nəticəsi rəsmi olaraq "uyğun deyil" kimi qiymətləndirilib. Bu isə ali təhsil müəssisəsinin müəyyən olunmuş standartlara cavab vermədiyini hüquqi baxımdan təsdiqləyir:

"Ümumilikdə, ali təhsil müəssisələri hər 5 ildən bir fəaliyyət lisenziyasının yenilənməsi üçün akkreditasiyadan keçməlidirlər. Bakı Qızlar Universiteti bu qiymətləndirmədən keçmədiyi üçün lisenziyasının yenilənməsi artıq mümkün görünmür. Universitetin bağlanması təhlükəsinin ilk əlaməti kimi 2026–2027-ci tədris ili üzrə magistratura səviyyəsinə tələbə qəbulunun dayandırılması göstərilə bilər. Universitet rəhbərliyinin bağlanma xəbərlərini təkzib etməsi isə hüquqi rəsmiləşdirmə prosesinin hələ yekunlaşmaması ilə bağlı ola bilər. Çünki Akkreditasiya Şurası qərar verdikdən sonra Nazirlər Kabineti və Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq hüquqi prosedurlar tamamlanmalıdır. Hazırda universitet rəhbərliyi fəaliyyətini davam etdirdiyini əsas gətirir. Lakin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin qərarından sonra bu prosesin geriyə dönüş ehtimalı, demək olar ki, yoxdur. Hazırda təhsil alan tələbələrin aqibətinə gəlincə, mövcud hüquqi təcrübəyə əsasən, onların təhsildən kənarda qalması mümkün deyil. Çünki tələbələr universitetə qəbul olunarkən ali təhsil müəssisəsi Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərirdi və akkreditasiyaya malik idi. Bu səbəbdən onların hüquqları qorunur. Ən real ssenarilərdən biri tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsidir".

İ.Orucovun sözlərinə görə, köçürülmə zamanı tələbənin qəbul balı və ixtisası nəzərə alınacaq:

"Digər hüquqi variant isə ondan ibarətdir ki, universitetə yeni tələbə qəbulu dayandırılsın, lakin hazırda təhsil alan tələbələr məzun olana qədər universitet fəaliyyətini davam etdirsin. Azərbaycan təcrübəsində buna oxşar hallar yaşanıb. Belə hallarda universitet yeni tələbə qəbul etməyib, mövcud tələbələr isə məzun olana qədər fəaliyyətini davam etdirib. Universitetin bağlanması onun əvvəllər verdiyi diplomların hüquqi qüvvəsinə heç bir təsir göstərmir. Məzunların diplomları etibarlı və tanınmış olaraq qalır. Azərbaycan qanunvericiliyinə, o cümlədən Nazirlər Kabinetinin müvafiq qaydalarına əsasən, institusional akkreditasiyadan keçə bilməyən universitet ciddi hüquqi və inzibati nəticələrlə üzləşir. Lisenziyanın yenilənməməsi həmin ali təhsil müəssisəsinin fəaliyyət hüququna birbaşa təsir göstərir. Müsbət akkreditasiya nəticəsi almayan müəssisənin lisenziyası yenilənmir. Eyni zamanda növbəti tədris ili üçün həmin universitetə qəbul planı ayrılmır və ixtisas seçimi zamanı həmin ali təhsil müəssisəsi qəbul siyahısında yer almır".

Müsahibimiz hesab edir ki, hazırda universitetdə təhsil alan tələbələr ciddi problemlə üzləşməyəcəklər:

"Onların diplomlarının tanınması və ya təhsillərinin davam etdirilməsi ilə bağlı problem yaranmayacaq. Çünki onlar universitetə dövlətin icazə verdiyi dövrdə, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə qəbul olunublar. Əgər universitet bağlanarsa, bunun hüquqi nəticələri ali təhsil müəssisəsinə aid olacaq, tələbələrin hüquqları isə qorunacaq".

Fatimə Məmmədova