İnsan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi və medianın fəal iştirakı əsas prioritetlərdən biri olmalıdır. Bunu QHT.az-a açıqlamasında “Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova deyib.
Məmmədovanın sözlərinə görə, insan alverinin qarşısının alınması istiqamətində Koalisiyaya üzv təşkilatlar tərəfindən davamlı maarifləndirmə işləri həyata keçirilir. O bildirib ki, bu fəaliyyətlər məktəblərdə, universitetlərdə və peşə təhsili müəssisələrində mütəmadi şəkildə təşkil olunur və gələcəkdə də davam etdirilməsinə ehtiyac var.
Sədr qeyd edib ki, maarifləndirmə yalnız təhsil müəssisələri ilə məhdudlaşmamalı, sosial şəbəkələr, televiziya və digər informasiya platformaları vasitəsilə də geniş auditoriyaya çatdırılmalıdır. Xüsusilə əmək miqrantları və qadınlar üçün xaricdə əmək fəaliyyəti zamanı hüquqi müdafiə mexanizmləri, təcili yardım imkanları və təhlükəsizlik qaydalarını əhatə edən sadə və anlaşıqlı məlumatlandırıcı materialların hazırlanması vacibdir.
Onun fikrincə, bu istiqamətdə yerli icra hakimiyyətləri, bələdiyyələr, qeyri-hökumət təşkilatları, media və Daxili İşlər Nazirliyi ilə birgə maarifləndirmə tədbirlərinin keçirilməsi daha səmərəli nəticələr verə bilər.
Südabə Məmmədova əlavə edib ki, QHT-lər İnsan Alverinə Qarşı Mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planının icrasını müstəqil şəkildə izləyə, araşdırmalar apara və ictimai hesabatlar hazırlaya bilərlər.
O vurğulayıb ki, medianın vəzifəsi yalnız baş vermiş hadisələri işıqlandırmaq deyil, eyni zamanda cəmiyyətdə maarifləndirməni gücləndirmək, mürəkkəb məlumatları sadə və anlaşıqlı formada ictimaiyyətə çatdırmaq, insan alveri qurbanlarının hüquqlarına hörmətlə yanaşmaq və etik jurnalistika prinsiplərinə əməl etməkdir.
Sədrin sözlərinə görə, belə yanaşma həm Milli Fəaliyyət Planının effektiv icrasına, həm də insan alverinə qarşı mübarizədə ictimai etimadın daha da möhkəmlənməsinə xidmət edəcək.






