İnsan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, vətəndaş cəmiyyətinin fəal iştirakı və medianın məsuliyyətli fəaliyyəti əsas prioritetlərdən biri hesab olunur. “Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova QHT.az-a açıqlamasında bu istiqamətdə görülən işlərdən, Milli Fəaliyyət Planının icrasında QHT-lərin rolundan və ictimai məlumatlandırmanın gücləndirilməsinin vacibliyindən danışıb.

Onun sözlərinə görə, hazırda koalisiyaya üzv təşkilatlar tərəfindən məktəblərdə, universitetlərdə və peşə təhsil mərkəzlərində mütəmadi maarifləndirmə işləri aparılır. Eyni zamanda televiziya və sosial media platformaları vasitəsilə ictimaiyyətin məlumatlandırılması istiqamətində fəaliyyət davam etdirilir.

S.Məmmədova hesab edir ki, xüsusilə əmək miqrantları və qadınlar üçün xaricdə əmək hüquqlarının müdafiəsi, təcili yardım mexanizmləri və təhlükəsizlik qaydalarını izah edən sadə və anlaşıqlı məlumat materialları hazırlanmalıdır. Bu işdə yerli icra hakimiyyətləri, bələdiyyələr, qeyri-hökumət təşkilatları, media, eləcə də Daxili İşlər Nazirliyi və polis orqanlarının birgə əməkdaşlığı daha səmərəli nəticə verə bilər.

QHT sədri vurğulayıb ki, vətəndaş cəmiyyəti institutları Milli Fəaliyyət Planının icrasını müstəqil şəkildə izləyə, tədqiqatlar apararaq alternativ hesabatlar hazırlaya bilərlər.

O, medianın rolunun yalnız hadisələri işıqlandırmaqla məhdudlaşmadığını da qeyd edib:

“Medianın əsas vəzifələrindən biri ictimai maarifləndirməni gücləndirmək, məlumatı insanlara sadə və anlaşıqlı dildə çatdırmaq, insan alveri qurbanlarının hüquqlarını qorumaq və etik jurnalistika prinsiplərinə riayət etməkdir.”

Südabə Məmmədovanın fikrincə, belə yanaşma 2026–2030-cu illər üçün İnsan Alverinə Qarşı Mübarizəyə dair Milli Fəaliyyət Planının səmərəli icrasına, həmçinin insan alverinə qarşı mübarizədə ictimai etimadın daha da güclənməsinə töhfə verəcək.