Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən islahatlar ölkənin inkişafına və vətəndaşların rifahına mühüm töhfə verir.
Onun sözlərinə görə, son illərdə Dövlət Miqrasiya Xidmətində aparılan islahatlar, elektron xidmətlərin genişləndirilməsi, vizasız rejimin tətbiqi və beynəlxalq standartlara uyğun fəaliyyətin təşkili xüsusilə müsbət nəticələr verib.
Rauf Zeyni qeyd edib ki, Dövlət Miqrasiya Xidməti yanında fəaliyyət göstərən İctimai Şuranın hesabatları ilə tanışlıq zamanı qurumun yüksək peşəkarlıqla fəaliyyət göstərdiyinin şahidi olublar.
“Bu gün Dövlət Miqrasiya Xidmətində fəaliyyət ən yüksək səviyyədə təşkil olunub. Qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilir. Qurum şəffaflıq, ictimai nəzarət, dövlət proqramlarının icrası, vətəndaşların rifahı və xarici vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi istiqamətində fəaliyyətini daim təkmilləşdirir”, – deyə o vurğulayıb.
Rauf Zeyni əlavə edib ki, Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti həm ölkə vətəndaşları, həm də xarici vətəndaşlar tərəfindən müsbət qiymətləndirilir. Onun fikrincə, vətəndaş cəmiyyəti nümayəndələri də qurumun fəaliyyətindən və İctimai Şuranın səmərəli işi üçün yaradılan şəraitdən razıdırlar.
Sonda o, Dövlət Miqrasiya Xidmətinin bundan sonra da Azərbaycan Respublikasında nümunəvi dövlət qurumu kimi fəaliyyətini uğurla davam etdirəcəyinə inandığını bildirib.






