Birləşmiş Millətlər Təşkilatı (BMT) 30 iyul – Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü münasibətilə beynəlxalq ictimaiyyəti insan alverinin yeni formalarına qarşı birgə mübarizəyə çağırıb. Təşkilat vurğulayıb ki, bu istiqamətdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti, qurbanların müdafiəsi və ictimai maarifləndirmə xüsusi əhəmiyyət daşıyır.
QHT.az xarici mediaya istinadən bildirir ki, BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, son illərdə ən sürətlə yayılan insan alveri formalarından biri saxta onlayn iş elanları vasitəsilə insanların cinayətkar şəbəkələrə cəlb edilməsidir. Onun sözlərinə görə, minlərlə insan xaricdə yüksək maaşlı iş vədlərinə inanaraq başqa ölkələrə gedir, lakin sonradan onlayn fırıldaqçılıq mərkəzlərində məcburi işlədilir.
BMT qeyd edir ki, bu cinayət növü transmilli mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq, çirkli pulların yuyulması və korrupsiya ilə sıx əlaqəlidir. Bu səbəbdən dövlətlər arasında hüquq-mühafizə, maliyyə və kəşfiyyat qurumlarının əməkdaşlığının genişləndirilməsi vacib hesab olunur.
Təşkilatın çağırışında vətəndaş cəmiyyəti institutlarının və qeyri-hökumət təşkilatlarının rolu da xüsusi vurğulanır. Bildirilir ki, QHT-lər risk qruplarının maarifləndirilməsi, qurbanların reabilitasiyası, hüquqi və psixoloji dəstəklə təmin edilməsi, eləcə də insan alverinin qarşısının alınması istiqamətində mühüm missiya yerinə yetirirlər.
BMT həmçinin hökumətləri kibercinayətkarlığa qarşı beynəlxalq əməkdaşlığı gücləndirməyə, texnologiya şirkətlərini isə platformalarından sui-istifadənin qarşısını almaq üçün daha təsirli tədbirlər görməyə çağırıb.






