"Təmas" Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova QHT.az-a verdiyi özəl açıqlamada, Qarabağın bərpası və Böyük Qayıdış prosesində qeyri-hökumət təşkilatlarının (QHT) üzərinə düşən mühüm öhdəliklərdən bəhs edib. Onun sözlərinə görə, Qarabağa qayıdan insanların maarifləndirilməsi və onların öz işlərini qura bilməsi üçün QHT-lərin dəstəyinə böyük ehtiyac var: "Qayıdış elə təşkil olunmalıdır ki, insanlar nə işlə məşğul olacaqlarını bilsinlər. Xüsusilə gənclər üçün kompüter bacarıqları, peşə kurslarının təşkili, həmçinin özünü inkişaf tədbirləri çox vacibdir."

Südabə Məmmədova əlavə edib ki, qayıdan insanların öz işlərini qurması üçün QHT-lər tərəfindən müəyyən layihələrə cəlb olunmaları, avadanlıqlarla təmin edilməsi və icma mərkəzlərinin yaradılması da böyük əhəmiyyət kəsb edir. "Təmas" Regional İnkişaf İctimai Birliyi bu sahədə öz fəaliyyətini davam etdirir və Qarabağda icma mərkəzlərinin yaradılması proseslərini planlaşdırır.

 

Pərvanə Fərhadqızı