BDU Universiteti Qazax filialının "İctimai və təbiət fənləri" kafedrasının müəllimi Kənan Abbasovun təşkilatçılığı ilə sosial iş ixtisasında təhsil alan bir qrup tələbə “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində fəaliyyət göstərən «İnsan alveri və insan alverinin potensial qurbanlarına xidmət göstərən regional reabilitasiya reinteqrasiya mərkəzi»nə səfər ediblər.

QHT.az xəbər verir ki, tədbirin  məqsədi,  regionda yeganə qadın-uşaq sığınacağı haqqında tələbələrə  geniş məlumat vermək, həmçinin qadın və uşaqlara qarşı zorakılıq, sosial iş prinsipləri və sığınacaqlarda sosial işin təşkili ilə bağlı biliklərin verilməsi, təcrübə mübadiləsi aparmaq olub. Tədbirdə sığınacaqda çalışan  mütəxəssislər və sosial işçilər iştirakçılara sığınacağın  fəaliyyət prinsipləri, sosial işin rolunu və sığınacaqlarda zorakılıq qurbanları ilə  effektiv işləmə üsullarını təqdim ediblər. Seminar çərçivəsində interaktiv müzakirələr təşkil olunub.

Təşkilatın rəhbəri Südabə Məmmədova qeyd etdi ki, tədbirdə “Təmas” Regional İnkişaf İctimai Birliyinin  fəaliyyəti ilə yanaşı hazırda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə   həyata keçirdiyi «Bölgələrdə gender əsaslı zorakılıq qurbanları ilə iş və ictimai maarifləndirmə»  layihəsi haqqında da məlumat təqdim edilib. Həmçinin layihənin icrası dövründə həyata keçirilən tədbirlər və genderəsaslı zorakılıq qurbanları ilə aparılan işlər  haqqında geniş məlumat verilib.

Belə  tədbirlərin təşkili sosial iş üzrə təhsil alan tələbələrin sahələri üzrə gələcək istiqamətlərini müəyyənləşdirməyə, özlərini o istiqamətdə inkişaf etdirməyə dəstək ola bilər.