Bakı Dövlət Universitetinin Qazax filialının "İctimai və təbiət fənləri" kafedrasının müəllimi Kənan Abbasovun təşkilatçılığı ilə "Sosial iş" ixtisasının qrup tələbələrinin Gəncə şəhərində bir sıra vacib ziyarətləri təşkil olunub.

QHT.az xəbər verir ki, bu barədə Gəncə 1 saylı mediasiya təşkilatının rəhbəri Südabə Məmmədova bildirib. Onun sözlərinə görə, tələbələr Gəncə 1 saylı mediasiya təşkilatına və "Təmas" RİİB-nin nəzdində fəaliyyət göstərən, zorakılıq qurbanları üçün nəzərdə tutulmuş qadın və uşaq sığınacağına baş çəkiblər: "Ziyarət zamanı tələbələr real hadisələr əsasında hazırlanmış keyslərlə tanış olmuş və həm nəzəri, həm də praktiki fəaliyyətlərlə bağlı məlumatlandırılıblar. Xüsusilə mediasiyanın üstünlükləri, mübahisələrin həllində mediatorun rolu və gender əsaslı zorakılıq mövzuları geniş müzakirə olunub".

Tədbir çərçivəsində Südabə Məmmədova tələbələrin suallarını cavablandırıb və onları maraqlandıran mövzular ətrafında geniş müzakirələr aparıb. Eyni zamanda, mediasiyaya müraciət qaydaları da müzakirə edilərək tələbələrə bu prosesin hüquqi aspektləri izah olunub.

 

Pərvanə Fərhadqızı