Qızların elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək layihəsinin ilkin mərhələsi uğurla başa çatıb.
QHT.az xəbər verir ki, Bərdə, Lənkəran, Tovuz, Şirvan və Sabirabad STEAM Mərkəzlərində təşkil olunan proqram gənc qızlar arasında STEAM təhsili və rəqəmsal bacarıqların inkişafı üçün əlverişli mühit təmin etmək məqsədi daşıyır. Bu, həm də onlara əlverişli karyera imkanlarını araşdırmaq üçün qapılar açır. 100-dən çox qızın Mexatronika Mühəndisliyi üzrə təlim proqramını başa vurması onların bilik və bacarıqlarını gücləndirməyə və STEAM sahələrində karyera seçimlərini dəstəkləməyə kömək edib. STEAM Mərkəzlərində keçirilən bağlanış mərasimlərində iştirakçılar sertifikatlarla təltif edilib.
Qeyd edək ki, Unicef Azerbaijan, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və STEAM Azərbaycanın əməkdaşlığı nəticəsində ölkənin 5 bölgəsində icra olunan bu təşəbbüs öz müsbət təsirini göstərməkdədir.
Pərvanə Fərhadqızı












