Böyük Britaniya hökuməti 24 sentyabr 2026-cı ildə Somalidə gözlənilən El Niño ilə əlaqəli daşqınlara hazırlıq üçün 5 milyon funt sterlinq həcmində yeni humanitar maliyyə dəstəyi açıqlayıb. Vəsaitin qarşıdakı yağış mövsümündə həssas icmaların təhlükəsizliyinin təmin edilməsinə və əsas xidmətlərin davam etdirilməsinə yönəldiləcəyi bildirilib.
QHT.az xarici mediaya istinadən bildirir ki, proqram çərçivəsində 600 min nəfərə qədər insanın səhiyyə, qidalanma, su, sanitariya və müdafiə xidmətlərindən yararlanması nəzərdə tutulur. Yardımın tərkibinə, həmçinin ölkədəki təxminən 100 məcburi köçkün düşərgəsində yaşayan insanların dəstəklənməsi və mobil tibbi xidmətlərin genişləndirilməsi daxildir.
Maliyyənin bir hissəsi Action Against Hunger tərəfindən həyata keçirilən proqram vasitəsilə səhiyyə, qidalanma, su və sanitariya xidmətlərinin davam etdirilməsinə sərf olunacaq. Digər proqram isə FAO, IOM və World Vision ilə əməkdaşlıq çərçivəsində erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi, insanların təhlükəsiz ərazilərə müvəqqəti köçürülməsi və daşqınlardan qorunma tədbirlərinə dəstək verəcək.
Böyük Britaniya tərəfinin məlumatına görə, daşqınların 2,5–3,5 milyon somalilini təsir altına ala biləcəyi ehtimal olunur. Buna görə də humanitar təşkilatlar və tərəfdaş qurumlar fəlakət baş verməzdən əvvəl tədbir görülməsini vacib hesab edirlər.
Piranə Xasiyeva












