"Səhralaşma müasir dünyanın ən ciddi ekoloji problemlərindən biri olaraq qalmaqdadır. Son onilliklərdə iqlim dəyişmələrinin təsiri altında dünyanın müxtəlif regionlarında yağıntıların kəskin azalması müşahidə olunur. Bu hadisə xüsusilə Mərkəzi Asiya, Afrikanın Sahara bölgəsi və Avropanın daxili hissələri üçün xarakterikdir. Belə ərazilərdə atmosfer yağıntılarının azalması uzunmüddətli quraqlıqlara səbəb olur. Nəticədə bitki örtüyü tədricən sıradan çıxır və ərazilər səhralaşmaya məruz qalır".

Bu fikirləri ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov QHT.az-a açıqlamasında səsləndirib.

Rövşən Abbasov bildirib ki, səhralaşma insanların sosial-iqtisadi həyatına geniş təsir göstərərək miqrasiya və şəhərləşmə problemlərini dərinləşdirir: "Səhralaşma insanların sosial və iqtisadi həyatına ciddi təsir göstərən mənfi bir hadisədir. Ənənəvi gəlir mənbələri itir, su çatışmazlığı səbəbindən ərzaq istehsalı kəskin azalır, insanlar kasıblaşır və kənd təsərrüfatı fəaliyyəti əvvəlki səviyyədə davam etdirilə bilmir. Otlaqlar sıradan çıxır, kənd təsərrüfatı məhsullarının istehsalı azalır və gəlirlər aşağı düşür. Bunun nəticəsində insanlar alternativ iş imkanları axtarmağa başlayırlar ki, bu da kütləvi miqrasiyalara səbəb olur. İnsanlar daimi yaşayış yerlərini tərk edərək ilk növbədə şəhərlərə üz tuturlar və burada yeni sosial-iqtisadi problemlərlə qarşılaşırlar. Buna görə də səhralaşmanı yalnız kənd təsərrüfatına və regionlara aid problem kimi deyil, həm də şəhərlərə təsir göstərən bir problem kimi qiymətləndirməliyik".

R.Abbasovun sözlərinə görə, səhralaşmaya qarşı mübarizədə su ehtiyatlarının düzgün idarə olunması və iqlim dəyişmələrinin təsirinin azaldılması əsas tədbirlər sırasındadır: "Səhralaşma ilə mübarizə bir çox ölkənin milli adaptasiya planlarında mühüm yer tutur. Bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir və onların ən təsirlilərindən biri mitiqasiya, yəni iqlim dəyişmələrinin təsirinin azaldılmasıdır. Su ehtiyatlarının daha səmərəli idarə olunması, müasir suvarma üsullarının tətbiqi, çaylardan götürülən suyun həcminin azaldılması və ekosistemlərin qorunması kimi tədbirlər səhralaşmanın qarşısının alınmasına kömək edə bilər".

Ekspert vurğulayıb ki, tarixi quraqlıq təcrübələri müasir dövrdə səhralaşmaya qarşı daha effektiv mübarizə aparılması üçün mühüm dərslər verir: "Bir çox hallarda müasir quraqlıqlar tarixdə baş vermiş 4,2 minillik quraqlıq hadisəsi ilə müqayisə edilir. Bu, təxminən eramızdan əvvəl 2200-cü ildə baş vermiş və “Meqalay quraqlığı” kimi tanınan böyük iqlim hadisəsidir. Həmin dövrdə geniş ərazilər səhralaşmaya məruz qalmışdır. Mesopotamiya və Kür-Araz ovalığında baş verən quraqlıqlar nəticəsində insanların kütləvi köçü müşahidə olunmuşdur. Bu tarixi hadisələrdən əldə olunan təcrübə, nə qədər ağır olsa da, bu gün səhralaşma ilə mübarizədə mühüm əhəmiyyət daşıyır. Bu təcrübələri nəzərə alaraq, səhralaşma ilə mübarizə tədbirlərini daha effektiv şəkildə həyata keçirməliyik".

Fatimə Nəbiyeva