"Bu gün Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür. Bu, dünya səviyyəsində qeyd olunan mühüm günlərdən biridir. Təəssüf ki, bu istiqamətdə aparılan işlərin nəticələri hələ də ürəkaçan deyil".

Bu sözləri ekoloq Ənvər Əliyev QHT.az-a açıqlamasında qeyd edib.

Ə. Əliyevin sözlərinə görə, iqlim dəyişmələri ilə bağlı məsələlər ölkəmizdə də uzun müddətdir müzakirə olunur və bu istiqamətdə beynəlxalq səviyyədə maliyyə dəstəyi əsas mövzulardan biridir: "İlk növbədə qeyd etmək lazımdır ki, ölkəmizdə də iqlim dəyişmələri ilə bağlı məsələlər uzun müddətdir müzakirə olunur. Bu istiqamətdə keçirilən beynəlxalq konfranslarda əsas məqsədlərdən biri böyük həcmdə maliyyə vəsaitlərinin toplanması və həmin vəsaitlərin quraqlıqdan və səhralaşmadan əziyyət çəkən ölkələrə, xüsusilə Afrika, Cənub-Şərqi Asiya və digər regionlardakı dövlətlərə dəstək məqsədilə yönəldilməsi idi".

Ənvər Əliyev bildirib ki, ayrılan maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı şəffaflıq məsələləri ciddi müzakirə mövzusuna çevrilib: "Lakin təəssüf ki, sonrakı mərhələlərdə həmin vəsaitlərin təyinatı üzrə istifadəsi ilə bağlı müxtəlif suallar yarandı. Ayrılan böyük məbləğlərin hansı istiqamətlərdə və necə xərclənməsi barədə şəffaflıq məsələləri müzakirə mövzusu oldu. Bu problemlər fonunda quraqlıqdan əziyyət çəkən bir sıra ölkələrdə vəziyyət hələ də dəyişməz olaraq qalır".

Ekoloq vurğulayıb ki, iqlim dəyişmələrinin təsirləri müxtəlif regionlarda fərqli formalarda özünü göstərir: "Bununla yanaşı, qeyd etmək lazımdır ki, bəzi regionlarda artıq səhralaşma prosesləri ilə yanaşı, həddindən artıq yağıntılar və iqlim dəyişmələrinin digər təsirləri də müşahidə olunur. Azərbaycanda, xüsusilə Böyük və Kiçik Qafqaz ərazilərində, eləcə də qonşu regionlarda yağıntı rejimində müəyyən dəyişikliklər baş verir".

Ənvər Əliyev qeyd edib ki, Azərbaycanda yağıntılı dövrlər əsasən ilin müəyyən fəsillərində müşahidə edilir: "Hazırda ölkəmizdə yağıntılı dövr əsasən qışın sonu, yazın əvvəli və yazın sonu–yayın əvvəlləri ilə əlaqədardır. Bu dövrlərdə şimaldan gələn soyuq hava kütlələri ilə cənub-qərbdən daxil olan isti hava axınlarının qarşılıqlı təsiri nəticəsində qeyri-sabit hava şəraiti, bəzi hallarda isə dolu hadisələri müşahidə olunur".

Ə. Əliyevin sözlərinə görə, iqlim dəyişmələri ilə bağlı görülən tədbirlər daha ardıcıl və şəffaf şəkildə həyata keçirilməlidir: "Mən hesab edirəm ki, bu sahədə görülən işlər daha ardıcıl və davamlı olmalıdır. Bu barədə dəfələrlə çıxışlar etmişik, yazılar yazmışıq və diqqətə çatdırmışıq ki, ayrılan vəsaitlərin hər bir qəpiyinin şəffaf şəkildə, məqsədyönlü istifadəsi təmin edilməlidir".

Ekoloq bildirib ki, uzunmüddətli iqlim dövrləri regionlarda yeni dəyişikliklərə səbəb ola bilər: "Ümid edirəm ki, uzunmüddətli iqlim dövrlərindən sonra, təxminən otuz-qırx illik quraqlıq mərhələsindən çıxaraq, regionumuzda yenidən rütubətlənmə dövrü başlaya bilər. Belə bir proses Xəzər dənizinin su səviyyəsinə, onun hövzəsindəki ekoloji tarazlığa və təbii sistemlərin bərpasına müsbət təsir göstərə bilər".

Ənvər Əliyev vurğulayıb ki, Xəzərin səviyyəsində baş verən dəyişikliklərə uzunmüddətli iqlim prosesləri çərçivəsində yanaşmaq lazımdır: "Xəzərin səviyyəsindəki dəyişikliklər minilliklər ərzində davam edən təbii iqlim prosesləri ilə əlaqəlidir. Buna görə də bu məsələlərə yalnız qısamüddətli deyil, uzunmüddətli iqlim tarixi baxımından yanaşmaq lazımdır".

Ə. Əliyev qeyd edib ki, gələcəkdə təbii çağırışlara elmi əsaslarla cavab vermək mümkün olacaq: "İnanıram ki, gələcəkdə təbiətin yaratdığı bu çağırışlarla daha düzgün və elmi əsaslarla mübarizə aparılacaq"

Fatimə Nəbiyeva