Azərbaycanda torpaqların səhralaşması və deqradasiyası ekoloji problemlər arasında ciddi yer tutur. Mütəxəssislər iqlim dəyişiklikləri, su qıtlığı və insan fəaliyyəti nəticəsində bu prosesin daha da sürətləndiyini bildirirlər.

Ekoloq Sadiq Həsənov QHT.az-a açıqlamasında deyib ki, rəsmi məlumatlara görə, ölkədə təxminən 3,7 milyon hektar ərazi səhralaşıb, 1 milyona yaxın torpaq sahəsi isə müxtəlif dərəcələrdə deqradasiyaya uğrayıb.

Onun sözlərinə görə, torpaqlarda duzlaşma, şoranlaşma və çölləşmə prosesləri müşahidə olunur. Bu vəziyyətə əsasən quraqlıq, su ehtiyatlarının azalması, yeraltı suların səthə çıxması, eləcə də dağlıq ərazilərdə baş verən sürüşmələr səbəb olur.

“İqlim dəyişiklikləri və su çatışmazlığı torpaqların səhralaşmasını sürətləndirir. Bununla yanaşı, antropogen amillərin də təsiri böyükdür. Əgər iqlimin təsiri təxminən 30 faizdirsə, 70 faiz antropogen təsirlərin payına düşür”, – deyə ekoloq bildirib.

S.Həsənov qeyd edib ki, son illərdə xüsusilə çaylarda su səviyyəsinin kəskin azalması kənd təsərrüfatı torpaqlarının vəziyyətinə mənfi təsir göstərib. O xatırladıb ki, əvvəlki dövrlərdə torpaqların planlı şəkildə suvarılması və şoran sahələrin yuyulması bu problemlərin qarşısının alınmasına kömək edirdi.

Ekspert son dövrlərdə suvarma sistemlərinin təkmilləşdirilməsi, yeni su anbarlarının inşası və suya qənaət tədbirlərinin həyata keçirilməsini müsbət addım kimi qiymətləndirib.

Ekoloq hesab edir ki, görülən tədbirlərin davamlı şəkildə həyata keçirilməsi gələcəkdə torpaqların səhralaşmasının qarşısının alınmasına və kənd təsərrüfatı sahələrinin qorunmasına töhfə verə bilər.