Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan İntiqam Allahverdi oğlu Abdullayev 12 avqust 1998-ci ildə Ordubad rayonunun Düylün kəndində anadan olub.
QHT.az xəbər verir ki, o, 2013-2016-cı illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2016-2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxuduğu müddətdə öz sevimli idman məşğuliyyəti olan voleybolu davam etdirib. Qatıldığı yarışlarda dəfələrlə fərqlənən İntiqam Abdullayev fərdi və komanda şəklində medallara, fəxri fərmanlara və fərqlənmələrə layiq görülüb. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 2 oktyabr tarixində həmin istiqamətdəki döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
İntiqam Abdullayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!






