“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova sosial şəbəkədə şəhid Battal Bayraqdarovun ildönümü ilə bağlı paylaşım edib.
QHT.az xəbər verir ki, Battal Bayraqdarov 2002-ci ildə Qubanın Ağbil kəndində Ahıska türkü ailəsində dünyaya göz açıb. Uşaqlıqdan idmana, xüsusilə cüdoya böyük maraq göstərib və bir sıra turnirlərin qalibi olub. Məktəbi bitirdikdən sonra Türkiyədə ali təhsil almaq imkanı qazansa da, atasının səhhətinə görə bu arzusu yarımçıq qalıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Azərbaycan Ordusunun əsgəri kimi Cəbrayıl və Füzulinin azad olunması uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 12-də düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub və Quba rayonunda dəfn edilib.
Battal Bayraqdarovun qəhrəmanlığı dövlət səviyyəsində yüksək qiymətləndirilib. O, ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Şəhidin ailə üzvləri onun xidmət dövründə igidliyi və fədakarlığı ilə seçildiyini bildiriblər. Bacısı Nazlı Bayraqdarova və əmiləri Paşa və Kamil Bayraqdarov onun mərd, qorxmaz və Vətənə sədaqətli bir gənc kimi hər kəsin yaddaşında qalacağını qeyd ediblər.
Allah şəhidimizə rəhmət eləsin!






