Müharibə illərində hər kəs öz gücü və bacarığı ilə Vətənə xidmət edirdi. Ön cəbhədə igid oğullarımız silah götürüb döyüşürdü, arxa cəbhədə isə yüzlərlə insan əsgərlərimizin sağlamlığı və həyatı uğrunda mübarizə aparırdı. Onlardan biri də şəhid anası idi. O, müharibə zamanı tibbi işçi kimi cəbhəyə yollandı, yaralı əsgərlərə yardım göstərdi, onların həyatını xilas etmək üçün bütün gücünü sərf etdi.

O, müharibədə olduğu günlərdə bilmirdi ki, öz oğlu da ön xətdə döyüşür və tezliklə şəhidlik zirvəsinə ucalacaq. Ana qəlbində hər an ümid, hər an nigarançılıq daşıyırdı. O, hər əsgərə yardım edərkən sanki öz balasına toxunurmuş kimi cani-dildən çalışırdı.

Lakin müharibənin ən ağır xəbəri onu da tapdı – Vətən uğrunda canından keçənlər arasında onun oğlu da vardı. Ana o zaman anladı ki, əslində öz oğlu ilə yanaşı minlərlə əsgərə də ana olub.

Bu fədakarlıq və müqəddəs yük onun həyatını əbədi qəhrəmanlıq dastanına çevirdi. Şəhid anası göstərdi ki, ana ürəyi yalnız öz övladı üçün deyil, bütün Vətən oğulları üçün döyünür.

O, şəhid Tamerlan Əliyevin anası Zümrüd xanımdır. Qeyd etmək istəyirəm ki, bu gün Tamerlanın şəhidliyə ucaldığı gündür. Hələ neçə-neçə dastanı yazılmalı olan şəhid anaları var.

 

Tünzalə Abduləlimova 

"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri