Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Universitetin bir qrup əməkdaş və tələbəsi Vətən müharibəsi şəhidləri - Hüquq fakültəsinin məzunu Ceyhun Şalıyev və Mexanika-riyaziyyat fakültəsinin məzunu Manaf Bəhmənlinin məzarlarını ziyarət edib.

QHT.az xəbər verir ki, ziyarətdə BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zöhrab Cavadzadə, Hüquq fakültəsini dekanı Zaur Əliyev və THİK-in fəal üzvləri iştirak ediblər.

Qeyd edək ki, Ceyhun Şalıyev 2011-2015-ci illərdə BDU-nun Hüquq, Manaf Bəhmənli isə 2015-2020-ci illərdə Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. Vətən müharibəsində könüllü olaraq iştirak edən Ceyhun Şalıyev 2020-ci il oktyabrın 1-də Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən, Manaf Bəhmənli isə sentyabrın 21-də Murov zirvəsində qəhrəmancasına şəhid olub.