Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

“Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova QHT.az-a açıqlamasında bildirib ki, bu gün xalqımız həmin şərəfli tarixdən ilham alaraq, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizi ehtiramla anır və qazilərimizə dərin təşəkkürünü bildirir:

"27 sentyabr tək mənimçün deyil, bütün xalqımız üçün işğal altında olan torpaqlarımızın 30 illik həsrətinə son qoyulmasına mübarizəyə qalxdığımız gün, həm də şərəf və ləyaqət günümüzdür."

Qeyd edək ki, Əbdülməcid Axundov 1993-cü il oktyabrın 15-də Sumqayıtda anadan olub. 2010-cu ildə 16 saylı tam orta məktəbi bitirib və Azərbaycan Texniki Universitetinə daxil olub. Hərbiyə marağı uşaq yaşlarından böyük olan Əbdülməcid 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlərdə şəhid olub və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.

 

Pərvanə Fərhadqızı