Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rahib Məmmədəmin oğlu Hacıismayılov 17 sentyabr 1991-ci ildə Şəki şəhərində anadan olub.

QHT.az xəbər verir ki, 2009-2011-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda könüllü olaraq Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət edərək cəbhəyə yollanıb. O, 44 günlük Vətən müharibəsi zamanı Suqovuşan, Tülkü Dərəsi, Qapanlı və Ballıqaya istiqamətlərində gedən döyüşlərdə iştirak edib və 20 oktyabr tarixində Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Rahib Hacıismayılov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!