Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Elzamin Kamal oğlu Təhməzov 1979-cu il oktyabrın 26-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub.

QHT.a xəbər verir ki, o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyanın məzunu olan Elzamin Təhməzov ABŞ, Almaniya, Pakistan, İraq, Sloveniya və Türkiyədə keçirilən təlimlərdə iştirak edib, həmçinin NATO təlimlərində Azərbaycanı təmsil edib. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı briqadanın kəşfiyyat rəisi kimi Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və sentyabrın 29-da bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Elzamin Təhməzov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!